Diasporla İş üzrə Dövlət Komitəsi indiyədək Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan bütün ölkələrlə ikitərəfli sazişlər imzalayıb.
Qaynarinfo xəbər verir ki, bu fikirləri Ankarada keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Birinci Müsəlman Diaspora Forumu çərçivəsində "Report"un Türkiyə bürosuna açıqlamasında Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.
Komitə sədri türk dövlətlərindən əlavə Meksika və Ruminiya kimi ölkələrlə də memorandumların imzalanmasına diqqət çəkib.
"Biz həmin ölkələrin nümayəndələri ilə əməkdaşlıq perspektivlərini də müzakirə edirik. Prezident İlham Əliyevin də tapşırığı ondan ibarətdir ki, ən yaxşı təcrübələri öyrənək, onları tətbiq edək və son nəticədə bütün bunların soydaşlarımıza xeyri dəysin".
Pakistan hökumətinin nümayəndəsi ilə görüşün vacibliyini vurğulayan komitə sədri Türkiyə ilə yanaşı, bu ölkə ilə də qardaşlıq münasibətlərinin əhəmiyyətini qeyd edib:
"Pakistanla çox oxşar proqramlarımız var. Biz pakistanlı həmkarımızı Azərbaycana, onlar isə bizi Pakistana dəvət edib. Hesab edirəm ki, perspektiv baxımından birgə fəaliyyət labüddür. Bu, ilk növbədə, təcrübə mübadiləsi deməkdir. Həmçinin bizimlə əməkdaşlıq edən dövlətlərin diaspor qurumları soydaşlarımızın sayının az olduğu ölkələrdə Azərbaycan üçün vacib olan məsələlərdə öz sözlərini deyəcəklər. Bununla yanaşı, elə layihələr var ki, onların həyata keçirilməsi üçün beynəlxalq təcrübə lazımdır. Coğrafi yanaşmadan çox, bizim üçün ölkələrin diaspor sahəsindəki bilik və təcrübəsi əsasdır".
Şərhlər