Göz ətrafında yaranan sarı və yüngül qabarıq ləkələr kimi tanınan ksantelazma ürək-damar xəstəliklərinin erkən göstəricilərindən biri ola bilər.
Qaynarinfo Hürriyet-ə istinadən xəbər verir ki, ABŞ-da aparılan yeni araşdırmada ksantelazma ilə ürək tutması, insult və keçici işemik tutma riski arasında əlaqə olduğu müəyyənləşdirilib.
Ksantelazma göz ətrafında solğun-sarı rəngli ləkə və qabarcıqlar şəklində görünür. Bu dəyişikliklər makrofaq adlanan immun hüceyrələrinin xolesterin və digər yağları toplaması nəticəsində yaranır. Adətən yüksək xolesterinlə əlaqələndirilən ksantelazmanın damar sərtləşməsi ilə oxşar bioloji proseslərlə bağlı ola biləcəyi bildirilir.
Xolesterin normal olsa belə risk qalır
Stanford Universitetinin tədqiqatçıları ksantelazma diaqnozu qoyulmuş 17 925 nəfərin sağlamlıq məlumatlarını oxşar xüsusiyyətlərə malik nəzarət qrupu ilə müqayisə edib.
Araşdırmaya görə, ilk bir il ərzində ürək tutması ksantelazması olanların 1 faizində, nəzarət qrupunun isə 0,35 faizində qeydə alınıb.
İnsult göstəricisi isə müvafiq olaraq 0,95 faiz və 0,30 faiz təşkil edib.
Tədqiqatın ən diqqətçəkən nəticələrindən biri isə qanda xolesterin və digər yağların səviyyəsi normal olan ksantelazmalı şəxslərdə belə ürək və beyin damarları ilə bağlı problemlərin daha çox müşahidə edilməsidir.
Mütəxəssislər bu səbəbdən göz ətrafında belə dəyişikliklərin yaranmasının yalnız kosmetik problem kimi qiymətləndirilməməsinin vacibliyini vurğulayırlar.
Günay
Şərhlər