Xəbər lenti

Təzyiqi dərmansız azaltmağa kömək edən sadə məşq - Kardioloqdan tövsiyə
Sağlamlıq08:45 28.11.2026

Təzyiqi dərmansız azaltmağa kömək edən sadə məşq - Kardioloqdan tövsiyə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yüksək arterial təzyiqdən əziyyət çəkən insanlar üçün ev şəraitində yerinə yetirilə bilən sadə bir məşq faydalı ola bilər. Mütəxəssislər bildirirlər ki, müntəzəm icra olunan bu hərəkət qan damarlarının fəaliyyətinə müsbət təsir göstərərək təzyiqin azalmasına kömək edə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə “Express” məlumat yayıb.

Ürək cərrahı Ceremi London yüksək təzyiqlə mübarizədə “divara söykənərək oturma” məşqinin effektivliyinə diqqət çəkib. Onun sözlərinə görə, bu hərəkəti yerinə yetirmək üçün xüsusi avadanlıq və ya idman hazırlığı tələb olunmur.

Həkim 2023-cü ildə 16 min nəfərin iştirak etdiyi araşdırmanı xatırladıb. Müxtəlif fiziki hərəkətlərin arterial təzyiqə təsirinin qiymətləndirildiyi tədqiqatda divara söykənərək oturma məşqi ən təsirli üsullardan biri kimi önə çıxıb.

Məşqi yerinə yetirmək üçün əvvəlcə kürəyinizi divara söykəmək, ayaqları dizdən 90 dərəcə bucaq altında bükərək sanki stulda otururmuş kimi vəziyyət almaq lazımdır. Bu pozada iki dəqiqə qalmaq, daha sonra ayağa qalxıb iki dəqiqə dincəlmək tövsiyə olunur. Hərəkət ümumilikdə dörd dəfə təkrarlanmalıdır.

Ceremi London bu məşqi həftədə iki-üç dəfə, hər dəfə dörd dövr olmaqla etməyi məsləhət görür. Onun izahına görə, hərəkət zamanı ayaqlardakı arteriyalar sıxılır, ayağa qalxdıqda isə qan axını yenidən bərpa olunur. Bu prosesin müntəzəm təkrarlanması damarların rahatlaşma qabiliyyətini yaxşılaşdıra və zamanla təzyiqin aşağı düşməsinə kömək edə bilər.

Kenterberi Krist Çörç Universitetinin ürək-damar fiziologiyası üzrə müəllimi Ceymi O'Driskoll da bu məşqin faydalı olduğunu bildirib. Bununla belə, o, daha yaxşı nəticə əldə etmək üçün hərəkəti digər fiziki fəaliyyətlərlə birlikdə yerinə yetirməyi tövsiyə edib.

Qeyd edək ki, bu məşq yüksək təzyiqin müalicəsini və həkimin təyin etdiyi dərmanları əvəz etmir. Hipertoniya diaqnozu olan şəxslər müalicəni özbaşına dayandırmamalı, fiziki hərəkətlərin onlara uyğunluğu barədə həkimlə məsləhətləşməlidirlər.

Aydın