Xəbər lenti

Həbsdən çıxandan sonra yenə oğurluğa qurşandı - Gəncədə samovar və təkər oğrusu tutuldu
Ölkə17:35 27.11.2026

Həbsdən çıxandan sonra yenə oğurluğa qurşandı - Gəncədə samovar və təkər oğrusu tutuldu

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gəncədə təkər təmiri və satışı sexinin qarşısından avtomobil təkərlərini, daha sonra isə obyektin yardımçı tikilisindən samovar, mis qazan və avtomobil disklərini oğurlayan şəxsə hökm oxunub.

Qaynarinfo.az-ın əldə etdiyi məlumata görə, Gəncə Şəhər Məhkəməsində baxılan cinayət işi üzrə 1985-ci il təvəllüdlü şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib.

Məhkəmə materiallarına əsasən, hadisələr 2026-cı ilin iyun ayında Gəncə şəhərində baş verib. Təqsirləndirilən şəxs əvvəlcə təkər təmiri və satışı sexinin qarşısında satış üçün yerləşdirilən iki ədəd “Zekstore” markalı təkəri götürüb. Hər birinin dəyəri 65 manat olan təkərlərin ümumi qiyməti 130 manat təşkil edib.

Bundan iki gün sonra o, yenidən həmin obyektin qarşısına gələrək daha iki ədəd “Rotollo” markalı və iki ədəd “Rapit” markalı təkəri gizli şəkildə aparıb. Bu dəfə zərərçəkmişə 310 manat ziyan dəyib.

Lakin oğurluq bununla bitməyib. Təqsirləndirilən şəxs obyektin müştərilər üçün nəzərdə tutulmayan kiçik qapısının açıq olmasından istifadə edərək həyətin daxilindəki anbar təyinatlı yardımçı tikiliyə daxil olub.

O, buradan bir ədəd beş litrlik samovar, iki ədəd beş litrlik mis samovar, iki ədəd üç litrlik elektrik samovarı, bir ədəd mis qazan və dörd ədəd avtomobil diski götürüb.

Beləliklə, zərərçəkmiş şəxsə ümumilikdə 4040 manat maddi ziyan dəydiyi göstərilib.

Məhkəmədə təqsirləndirilən şəxs ittihamı qismən etiraf edib. O, iki dəfə təkər götürdüyünü və samovarları satdığını təsdiqləsə də, avtomobil disklərini, qazanı və digər əşyaları oğurlamadığını bildirib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, ilk dəfə iki təkəri götürərək satıb, bir neçə gün sonra isə yenidən həmin yerə qayıdaraq daha iki təkər aparıb. Samovarları isə sosial şəbəkədə alqı-satqı ilə məşğul olan şəxsə 240 manata satıb. O, sonuncu əməli şəxsi ehtiyacları ilə əlaqələndirib. Bildirib ki, avtomobili xarab olduğundan bir müddət taksi fəaliyyəti göstərə bilməyib və müalicə üçün pula ehtiyacı yaranıb.

Zərərçəkmiş şəxs isə ifadəsində obyektindən dörd avtomobil təkərinin, beş samovarın, bir mis qazanın və dörd diskin yoxa çıxdığını bildirib. Onun sözlərinə görə, samovarlardan birinin üzərində 7-8 orden də olub.

İş üzrə dindirilən şahidlərdən biri təqsirləndirilən şəxsdən dörd təkər aldığını, digər şahid isə iki samovarı 240 manata satın aldığını təsdiqləyib. Başqa bir şahid də ondan iki ədəd “Rapit” markalı təkər aldığını bildirib. Sonuncu həmin təkərlərin oğurluq olduğunu öyrəndikdən sonra onları polisə təhvil verib.

Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin əvvəllər də məhkum olunduğu məlum olub. Belə ki, o, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2021-ci ildə çıxardığı hökmlə oğurluq və soyğunçuluq cinayətlərinə görə 4 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib. Cəzasının sonu ilə 2025-ci ildə azadlığa buraxılıb.

Bununla yanaşı, hazırkı iş üzrə məhkəmə araşdırmasında onun barəsində başqa bir cinayət işi üzrə də hökm olduğu üzə çıxıb. Həmin hökmlə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) ilə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə əvvəlki məhkumluğun ödənilməməsini və yenidən qəsdən cinayət törədilməsini residiv (əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxsin yenidən qəsdən cinayət törətməsi) kimi qiymətləndirib. Bu hal cəzanı ağırlaşdıran amil hesab olunub. Təqsirləndirilən şəxsin himayəsində azyaşlı övladlarının olması və məhkəmədə özünü təqsirli bilməsi isə yüngülləşdirici hallar kimi nəzərə alınıb.

Qiymətləndirmə hesabatında oğurlandığı bildirilən əşyaların ümumi dəyəri 3380 manat göstərilib. Zərərçəkmiş şəxsin bildirdiyi 4040 manatla qiymətləndirmə arasındakı fərqə baxmayaraq, məhkəmə qeyd edib ki, hər iki məbləğ Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydində nəzərdə tutulan xeyli miqdar həddindən aşağıdır. İş üzrə mülki iddia da qaldırılmayıb.

Nəticədə Gəncə Şəhər Məhkəməsinin 13 noyabr 2026-cı il tarixli hökmü ilə şəxs Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq) və 177.2.3-cü (yaşayış sahəsinə, binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq) maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib.

Lakin əvvəlki hökm üzrə təyin edilmiş 2 il 3 aylıq həbs cəzası da nəzərə alınaraq cəzalar qismən toplanıb və yekunda 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyənləşdirilib. Həbsdə saxlanıldığı iki gün çıxıldıqdan sonra qəti cəza 3 il 5 ay 28 gün təşkil edib.

Seyid