Xəbər lenti

Zelenski: Ukraynalılar atəşə tutulan şəhərləri tərk edə bilərlər
Dünya15:29 27.11.2026

Zelenski: Ukraynalılar atəşə tutulan şəhərləri tərk edə bilərlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukrayna Prezidenti Volodimir Zelenski ölkə şəhərlərinin davamlı raket və dron hücumlarına məruz qalması səbəbindən sakinlərin başqa ərazilərə köçmək hüququna malik olduğunu bildirib.

Qaynarinfo xəbər verir ki, Zelenski bu barədə BBC-yə müsahibəsində danışıb.

Prezident Ukraynanın hazırda ciddi problemlərlə üzləşdiyini qeyd edib. Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemləri üçün “Patriot” raketlərinin çatışmazlığı, körpülərə və digər infrastruktur obyektlərinə zərbələr ölkə üçün əsas çağırışlar sırasındadır.

Şəhərlərin atəşə tutulması fonunda əhalinin təxliyəsi ilə bağlı suala cavab verən Zelenski insanların yaşadıqları əraziləri tərk etməkdə sərbəst olduqlarını vurğulayıb.

“İnsanlar istədikləri halda şəhərlərdən getmək hüququna malikdirlər. Bu, onların seçimidir. Əlbəttə, qərar verməkdə azaddırlar və başqa şəhərlərə köçə bilərlər. Bu, təəssüf doğurur”, – deyə o bildirib.

Qeyd edək ki, daha əvvəl “Foreign Policy” nəşri qış aylarında Ukraynanın bəzi şəhərlərinin, o cümlədən Kiyevin yaşamaq üçün yararsız vəziyyətə düşə və boşala biləcəyi ilə bağlı narahatlıqların artdığını yazıb.

Noyabrın 12-də Ukrayna Prezident Ofisinin rəhbərinin müavini İrina Vereşçuk da qarşıdan gələn çətin qış mövsümü ilə əlaqədar əhalini zəruri ehtiyatlar, xüsusilə də su toplamağa çağırmışdı.

Sentyabr ayında isə Zelenskinin müşaviri Sergey Beskrestnov Kiyev hakimiyyətinin qışda mülki əhalinin mümkün təxliyəsi məsələsini əvvəlcədən nəzərdən keçirməli olduğunu bildirmişdi.

Aydın