
Türkiyədə iş adamı Cafer Mahiroğlu ilə bağlı aparılan araşdırma çərçivəsində yeni əməliyyat keçirilib. Əməliyyat zamanı tanınmış teleaparıcı Ece Üner və onun həyat yoldaşı, jurnalist Deniz Bayramoğlu da daxil olmaqla 12 nəfər barəsində saxlanılma qərarı verilib.
Qaynarinfo xəbər verir ki, İstanbul Baş Prokurorluğunun rəhbərliyi ilə aparılan “Halk TV” işi üzrə bu, üçüncü əməliyyat dalğasıdır.
Türkiyə mediasının məlumatına görə, araşdırma İzmir Böyükşəhər Bələdiyyəsi ilə Cafer Mahiroğluna məxsus şirkətlər arasında həyata keçirilən tenderlərdə qanun pozuntuları və qanunsuz maliyyə əməliyyatları iddiaları ilə bağlıdır. İstintaq materiallarında tenderlər vasitəsilə əsassız gəlir əldə edilməsi, vasitəçi şirkətlərdən istifadə olunması və pul vəsaitlərinin qanunsuz dövriyyəyə buraxılması ilə bağlı şübhələr yer alıb.
Maliyyə Cinayətlərinin Araşdırılması Şurasının (MASAK) hesabatlarında Mahiroğlu ilə əlaqəli şirkətlərin fəaliyyəti də araşdırılıb. Baş Prokurorluğun əvvəlki açıqlamasında tenderlərlə əlaqədar 14 milyon 464 min lirə məbləğində qeyri-rəsmi rüşvət ödənişlərinin həyata keçirildiyi iddia olunub.
İstintaq çərçivəsində Mahiroğlu ilə əlaqəli şirkətlərin ümumi əməliyyat həcminin 30 milyard 352 milyon lirəni keçdiyi, onun şəxsi bank hesablarına isə milyardlarla lirə vəsait daxil olduğu və hesablardan çıxarıldığı bildirilib.
Qeyd edək ki, Cafer Mahiroğlunun özü də daxil olmaqla bəzi şübhəlilərin xaricdə olduğu müəyyən edilib. Əvvəlki əməliyyatlar zamanı bir neçə nəfər həbs olunub, digərləri barəsində ev dustaqlığı və digər məhkəmə nəzarəti tədbirləri seçilib. Araşdırma davam edir.
Aydın