
2027-ci ildə səyahətçilərin daha çox maraq göstərəcəyi turizm istiqamətləri müəyyənləşib. Reytinqdə əsasən təbiət mənzərələri, adalar, kiçik şəhərlər və özünəməxsus tarixi abidələri ilə seçilən məkanlar yer alıb.
Qaynarinfo xəbər verir ki, "Expedia" platforması turistlərin axtarış marağındakı illik artımı təhlil edərək 2027-ci ilin ən dəbdə olan 10 səyahət istiqamətini açıqlayıb.
Reytinqə ABŞ-ın Kaliforniya ştatında yerləşən Taho gölü başçılıq edir. Expedia bu məkanı “2027-ci ilin istiqaməti” elan edib. Şimali Amerikanın ən böyük alp gölü olan Taho son aylarda turistlərin axtarışlarında 195 faiz artım göstərib. Məkan xüsusilə dağ mənzərələri, təbiəti və su idmanı imkanları ilə diqqət çəkir.
İkinci yerdə Yaponiyanın Hyoqo prefekturası qərarlaşıb. Bu bölgəyə maraq 95 faiz artıb. Turistləri əsasən məşhur Himeci qalası, ənənəvi isti su mənbələri və təbiət mənzərələri cəlb edir.
İlk üçlüyü Uruqvayın məşhur kurort şəhəri Punta-del-Este tamamlayır. Bu istiqamət üzrə axtarışların sayı 65 faiz yüksəlib.
Reytinqdəki digər istiqamətlər:
4. Sedona (ABŞ) – Arizona ştatında yerləşən, qırmızı qayalıqları və səhra mənzərələri ilə tanınan şəhər.
5. Busan (Cənubi Koreya) – Asiyanın məşhur sahil şəhərlərindən biri. Turist marağı 50 faiz artıb.
6. Holboş adası (Meksika) – Kankun yaxınlığında yerləşən tropik ada. Axtarışların sayı 45 faiz yüksəlib.
7. Peruca (İtaliya) – Ölkənin mərkəzi hissəsində yerləşən tarixi şəhər. Turist marağı 35 faiz artıb.
8. Tvid bölgəsi (Avstraliya) – Vulkanik mənzərələri, çayları və sahil zolağı ilə seçilir. Axtarışlarda 35 faizlik artım qeydə alınıb.
9. Niaqara-on-lek (Kanada) – Məşhur Niaqara şəlaləsinin yaxınlığında yerləşən şəhər.
10. Çiçester (Böyük Britaniya) – Reytinqdə yer alan ikinci Avropa istiqamətidir. Bu şəhərə maraq 30 faiz artıb.
Beləliklə, siyahıda yalnız iki Avropa istiqaməti yer alıb. Reytinq turistlərin ənənəvi səyahət marşrutlarından kənara çıxaraq daha çox təbiət qoynunda yerləşən məkanlara, adalara və kiçik şəhərlərə maraq göstərdiyini ortaya qoyur.
Aydın