
Filippin senatoru Alan Piter Kayetano ölkə vətəndaşlarını dövlət borcunun azaldılmasına könüllü şəkildə maddi dəstək verməyə çağırıb. Onun təklifinə əsasən, hər bir sakin bu məqsədlə təxminən 170 min peso (2,67 min dollar) ianə edə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə “Bombo” radiostansiyası məlumat yayıb.
Senatorun səsləndirdiyi məbləğ ölkə əhalisinin sayına və Filippinin ümumi dövlət borcuna əsasən hesablanıb. Hazırda ölkənin dövlət borcu 19,66 trilyon peso, yəni təxminən 308,7 milyard dollar təşkil edir.
Kayetano təşəbbüsünü əsaslandırarkən Cənubi Koreyanın təcrübəsini nümunə göstərib. Onun sözlərinə görə, həmin ölkədə vətəndaşlar dövlət borcunun ödənilməsinə kömək etmək üçün vəsait toplayıblar. Senator Filippində də hökumətin maliyyə öhdəliklərinin azaldılmasına könüllü töhfə vermək istəyənlər üçün xüsusi mexanizm yaradılmasını təklif edib.
O, bunun vətəndaşlar üçün əlavə maliyyə öhdəliyi yaratmaq və ya dövlət borcuna görə hökumətin məsuliyyətini əhalinin üzərinə qoymaq məqsədi daşımadığını xüsusi vurğulayıb.
İqtisadçı Emmanuel Leyko isə təşəbbüsə ehtiyatlı yanaşıb. O bildirib ki, Filippin vətəndaşları onsuz da ödədikləri vergilər vasitəsilə dövlət borcunun bağlanmasına töhfə verirlər. Əlavə yardım etmək istəyən və maddi imkanı olan şəxslər bunu yalnız hökumətə könüllü ianə formasında həyata keçirə bilərlər.
İqtisadçı Cənubi Koreya nümunəsinin Filippin üçün tam uyğun olmadığını da qeyd edib. Onun sözlərinə görə, Koreyada əməkhaqları daha yüksəkdir və ölkənin iqtisadi imkanları fərqlidir. Filippində minimum əməkhaqqı ilə çalışan şəxsin ildə təxminən 190 min peso (2,98 min dollar) qazandığı nəzərə alınarsa, ondan 170 min peso ianə etməsini gözləmək real görünmür. Belə bir ödəniş işçinin gəlirinin demək olar ki, hamısını əlindən alardı.
Aydın