
Naxçıvanda qohumunu övladını İdman Akademiyasına qəbul etdirəcəyinə inandıraraq 9 114 manat alan şəxs məhkum edilib. Qaynarinfo-nun məlumatına görə, 1976-cı il təvəllüdlü, Naxçıvan şəhərində yaşayan K.M. barəsində məhkəmə hökm çıxarıb.
Məhkəmə materiallarına əsasən, K.M. zərərçəkmiş şəxsin ailəsinə yaxın qohum olub. O, ailənin övladının ali məktəbə qəbul ola bilməməsindən narahat olduğunu öyrəndikdən sonra Bakı şəhərində yerləşən İdman Akademiyasına qəbul məsələsini həll edə biləcəyini vəd edib.
Bu məqsədlə əvvəlcə 7 000 manat istəyən K.M. sonradan təhsil haqqı, tələbə kartı və digər bəhanələrlə əlavə pul alıb. Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda onun bank kartına pul köçürüb, 650 manatı isə nağd şəkildə verib. Nəticədə K.M. ümumilikdə 9 114 manat əldə edib.
İstintaq və məhkəmə zamanı K.M. pulun bir hissəsini şəxsi ehtiyaclarına, müalicəsinə və borclarına xərclədiyini etiraf edib. O, zərərçəkmiş şəxsin oğlunu Akademiyaya qəbul etdirmək üçün heç kimlə danışmadığını və bu barədə heç bir real imkanının olmadığını bildirib.
Məhkəmədə məlum olub ki, K.M. zərərçəkmiş şəxsə vurduğu ziyanın 4 800 manatını geri qaytarıb. Tərəflər barışıb, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi qalmayıb.
Məhkəmə K.M.-ni Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilərək, 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib. Tutulma müddəti nəzərə alınmaqla cəzanın son müddəti 1 il 5 ay 26 gün müəyyən edilib.
Hökmə əsasən, K.M. hər gün saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk edə bilməz, elektron nəzarət vasitəsi daşımalı və Naxçıvan Muxtar Respublikasının ərazisini tərk etməməlidir.
Aydın