
Bir neçə gündür meyxana ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Amma bu dəfə müzakirə olunan meyxanaçıların sənətləri deyil, geyimləridir.
Bəzi meyxanaçılar hesab edirlər ki, bu sənətdə əsas sözdür, geyim isə ikinci yerdə gəlir. İllər əvvəl meyxanaya çox sayda gəncin üz tutduğu müşahidə olunurdu. Onların əksəriyyəti meyxana yarışmalarında çıxış etdi. Amma bu gün böyük əksəriyyəti gözə dəymir, yalnız bir neçə nəfər önə çıxa bilib.
Bəzi meyxanaçılar bunun səbəbini gənclərin tənbəlliyi və səhnə geyimlərinin olmaması ilə əlaqələndirirlər. Bəziləri isə bu fikrin yanlış olduğunu hesab edir. Məsələn, Ağakərim Novruzov, Ağasəlim Çıldağ və Ağamirzə Məmmədov kimi meyxanaçılar sənətləri və sözləri ilə tanınıblar. Onlar tədbirlərə hər dəfə fərqli geyimdə çıxmayıblar.
Bəs, meyxanaçı necə geyinməlidir?
Səhnəyə gəldiyi gündən repertuarı ilə böyük tamaşaçı kütləsi toplayan və geyimləri ilə diqqət çəkən meyxanaçı Namiq Qaraçuxurlunun mövqeyini öyrənmək istədik. Meyxanaçının prodüseri İlkin Şükürov Qaynarinfo-ya açıqlamasında sənət adamının tanınıb-sevilməsində əsas rolun sənət və səsə məxsus olduğunu bildirib:
"Tək geyim deyil, sənət, səs də önəm daşıyır. Geyimə gəlincə, nəinki meyxana sənətində, hər bir yerdə geyim önəmlidir. İnsanlar evdən çıxanda birinci geyiminə fikir verir. Məsələn, evdən çıxıb çörək almağa gedəndə belə sənin geyiminə baxırlar. Tək geyinmək deyil, səliqəli olması da önəmlidir".
İlkin Şükürov Namiq Qaraçuxurlunun geyimlərinin Bakıda fəaliyyət göstərən məşhur markalardan birinə məxsus olduğunu vurğulayıb:
"Orada bizim rəssamımız, dizaynerimiz var, geyimləri onlar təyin edirlər. Namiq Qaraçuxurlunun bütün geyimləri onların əl işidir".
Bahar Rüstəmli