Xəbər lenti

Yaşlandıqca zaman sürətlə keçirmiş (ARAŞDIRMA)
Dünya16:32 26.11.2026

Yaşlandıqca zaman sürətlə keçirmiş (ARAŞDIRMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Uşaqlıq illərində bitib-tükənməyən yay tətili kimi görünən günlər böyüdükcə göz açıb-yumana qədər keçən illərə çevrilir. Yaş artdıqca zamanın daha sürətlə keçdiyi hissinin arxasında yaddaş, diqqət və gündəlik həyat vərdişləri ilə bağlı bir sıra səbəblər dayanır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Memory & Cognition" jurnalında araşdırma dərc olunub.

Uşaqlıqda növbəti doğum gününü gözləmək uzun çəkdiyi halda, yetkinlik dövründə ayların, hətta illərin necə keçdiyini anlamaq çətinləşir. Təqvim və saatlar eyni sürətlə işləsə də, insanların zamanı qavrama tərzi həyat boyu dəyişir. Alimlər bu fərqin səbəblərini beynin məlumatları emal etmə üsulundan tutmuş gündəlik həyatın monotonlaşmasına qədər müxtəlif amillərlə izah edirlər.

2026-cı ildə aparılan araşdırma diqqət çəkib

Araşdırmada 20-91 yaş arasında olan 120 nəfərin zaman qavrayışı öyrənilib. Nəticələr göstərib ki, yaşlı insanlar geridə qoyduqları son 10 ilin daha sürətlə keçdiyini düşünürlər.

Uşaqlıqda hər gün yeni təcrübə yaşayırıq

İlk dəfə velosiped sürmək, məktəbə başlamaq və ya yeni bir yerdə tətil keçirmək kimi təcrübələr uşaqlıq dövründə daha çox yaşanır. Bu cür hadisələrin yaddaşda daha aydın iz buraxması keçmişə nəzər saldıqda zamanın daha uzun hiss edilməsinə səbəb ola bilər.

Gündəlik həyatın təkrarlanması da təsir göstərir

Hər səhər eyni saatda oyanmaq, işə eyni yolla getmək və oxşar işlərlə məşğul olmaq günlərin bir-birinə bənzəməsinə gətirib çıxarır. Tədqiqatçılar hesab edirlər ki, təkrarlanan günlərin yaddaşda daha az fərqləndirilməsi zamanın sürətlə keçdiyi hissini gücləndirə bilər.

Beynin məlumatları emal etmə sürəti dəyişir

Duke Universitetinin professoru Adrian Bejan 2019-cu ildə dərc etdiyi araşdırmada yaş artdıqca beynin vizual məlumatları emal etmə sürətinin dəyişməsinin zaman qavrayışına təsir göstərə biləcəyini irəli sürüb.

Onun nəzəriyyəsinə görə, gənclik dövründə beyin eyni zaman ərzində daha çox vizual məlumatı emal edə bilir. Yaş artdıqca bu prosesin dəyişməsi zamanın daha sürətli keçdiyi hissini yarada bilər.

Bir ilin həyatımızdakı payı getdikcə azalır

Zaman qavrayışı ilə bağlı başqa bir nəzəriyyə isə yaşadığımız illərin ümumi ömrümüzdəki payına əsaslanır.

Məsələn, 10 yaşlı uşaq üçün bir il indiyədək yaşadığı ömrün 10 faizini təşkil etdiyi halda, 50 yaşlı insan üçün bu göstərici cəmi 2 faizdir. Bu yanaşmaya görə, yaş artdıqca bir ilin subyektiv olaraq daha qısa hiss edilməsi mümkündür.

499 nəfərin zaman qavrayışı araşdırılıb

Psixologiya tədqiqatçıları Mark Vitman və Sandra Lenhoff 2005-ci ildə 14-94 yaş aralığında 499 nəfərin iştirakı ilə araşdırma aparıblar.

Nəticələr yaş artdıqca zamanın daha sürətlə keçdiyi hissini təsdiqləsə də, bu fərqin yalnız yaşla izah edilə bilməyəcəyini göstərib.

Yaşlı insanlar daha canlı xatirələri yada sala bilirlər

2026-cı ildə aparılan araşdırmada daha bir maraqlı nəticə üzə çıxıb. Yaşlı iştirakçıların daha canlı və mənalı xatirələri yada sala bildikləri müəyyən edilib.

Tədqiqatçılar zaman qavrayışındakı dəyişikliklərin yalnız toplanan xatirələrin sayı ilə deyil, yeni məlumatların yaddaşa necə yazılması ilə də əlaqəli ola biləcəyini bildiriblər.

Əylənərkən zaman niyə daha tez keçir?

İnsan zövq aldığı işlə məşğul olarkən diqqətini saata daha az yönəldir. Lakin həmin təcrübəni sonradan xatırladıqda yaddaşda qalan çoxsaylı detallar səbəbindən bu müddət daha uzun görünə bilər.

Tətillərdə maraqlı zaman illüziyası yaranır

Yeni yerlər kəşf etdiyimiz tətil zamanı çox sürətlə keçmiş kimi görünə bilər. Ancaq evə qayıtdıqdan sonra toplanan fərqli xatirələr tətilin əslində olduğundan daha uzun sürdüyü təəssüratını yaradır. Bu hal "tətil paradoksu" adlandırılır.

Zaman təzyiqi də rol oynayır

İş həyatı, ailə məsuliyyətləri və gündəlik yerinə yetirilməli olan tapşırıqlar zamanın sürətlə keçdiyi hissini artıra bilər. Buna görə də zaman qavrayışına yalnız yaş deyil, insanın həyat şəraiti də təsir göstərir.

Zamanı daha yavaş hiss etmək mümkündürmü?

Yeni hobbilər qazanmaq, fərqli yerlər kəşf etmək, yeni bacarıqlar öyrənmək və gündəlik vərdişlərdən kənara çıxmaq yaddaşda daha çox fərqli xatirələrin yaranmasına kömək edə bilər.

Bu vərdişlər zamanın real axışını dəyişdirməsə də, geriyə baxdıqda yaşanan günlərin bir-birindən daha fərqli və dolğun xatırlanmasına şərait yarada bilər.

Günay