Xəbər lenti

Yer kürəsində temperatur 6 gün ardıcıl kritik həddi keçdi - Alimlər həyəcan təbili çalır
Dünya23:39 26.11.2026

Yer kürəsində temperatur 6 gün ardıcıl kritik həddi keçdi - Alimlər həyəcan təbili çalır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yer kürəsində orta temperatur ilk dəfə altı gün ardıcıl olaraq sənayeləşmədən əvvəlki dövrün göstəricisini 2 dərəcədən çox üstələyib. Alimlər bunu qlobal istiləşmənin sürətlənməsinin ciddi əlaməti kimi qiymətləndirirlər.

Qaynarinfo xəbər verir ki, “The Guardian” nəşrinin təhlil etdiyi məlumatlara əsasən, noyabrın 23-də temperatur fərqi rekord həddə – 2,24 dərəcəyə çatıb. Proqnozlara görə, yaxın günlərdə də göstəricilər yüksək səviyyədə qala bilər.

Mütəxəssislər vurğulayırlar ki, altı gün davam edən bu anomaliya Paris Sazişində nəzərdə tutulan iqlim həddinin birdəfəlik aşılması demək deyil. Bununla belə, temperaturun belə uzun müddət yüksək qalması qlobal istiləşmənin təhlükəli istiqamətdə davam etdiyini göstərir.

Avropa İttifaqının “Copernicus” iqlim xidmətinin klimatoloqu Samanta Bercess bu göstəriciləri qeyri-adi hadisə adlandırıb. Onun sözlərinə görə, 2 dərəcəlik həddin aşılması daha əvvəl 2023-cü ilin noyabrında və 2024-cü ilin fevralında da qeydə alınıb. Lakin həmin dövrlərdə temperatur anomaliyası indiki qədər uzunmüddətli və intensiv olmayıb.

İstiləşmənin əsas səbəbləri

Ekspertlər temperatur artımını, ilk növbədə, qalıq yanacaqların yandırılması nəticəsində yaranan uzunmüddətli qlobal istiləşmə ilə əlaqələndirirlər. Bundan əlavə, hazırda pik həddinə yaxınlaşan güclü “El-Ninyo” iqlim hadisəsi də temperaturun yüksəlməsinə təsir göstərir.

Tropik bölgələrdə, xüsusilə İndoneziya və Amazon hövzəsində müşahidə olunan quraqlıqlar və meşə yanğınları vəziyyəti daha da ağırlaşdırır. Quraqlıq səbəbindən təbii ekosistemlərin atmosferdən karbon qazını udmaq qabiliyyəti zəifləyir. Nəticədə istixana qazlarının atmosferdə toplanması sürətlənir.

İqlim dəyişikliyinin fəsadları ağırlaşır

2015-ci ildə qəbul edilən Paris Sazişində qlobal temperatur artımını sənayeləşmədən əvvəlki səviyyə ilə müqayisədə 1,5 dərəcə ilə məhdudlaşdırmaq və artımı 2 dərəcədən xeyli aşağı saxlamaq hədəfi müəyyənləşdirilib.

Lakin ekstremal istilər artıq ciddi insan tələfatına səbəb olur. Alimlərin hesablamalarına görə, yay aylarında müşahidə edilən istilər Avropa İttifaqında 50 mindən, Böyük Britaniyada isə 5 mindən çox insanın həyatına son qoyub.

Mütəxəssislər bir çox ölkənin infrastrukturunun daha yüksək temperatur şəraitinə hazır olmadığını bildirirlər. Güclü istilər zamanı dəmir yolu relsləri deformasiyaya uğrayır, asfalt örtüyü zədələnir, məktəblər bağlanır, xəstəxanaların üzərinə isə əlavə yük düşür.

Alimlər hökumətləri həm şəhər və nəqliyyat infrastrukturunu ekstremal istilərə uyğunlaşdırmağa, həm də istixana qazı emissiyalarını azaltmağa çağırırlar. Onların xəbərdarlığına görə, karbon qazının atmosferə buraxılması davam etdikcə iqlim dəyişikliyinin fəsadları daha da güclənəcək.

Aydın