
Özünü Əmlak Məsələləri Dövlət Xidmətinin yüksək vəzifəli şəxsləri ilə əlaqəsi olan şəxs kimi təqdim edərək vətəndaşdan torpaq sahəsinin özəlləşdirilməsi adı ilə 560 min manat alan şəxs məhkəmə qarşısına çıxarılıb.
Qaynarinfo xəbər verir ki, iş materiallarına əsasən, müttəhim zərərçəkmiş F. İmanovun etibarını qazanmaq üçün dövlət qurumunda geniş əlaqələrə malik olduğunu bildirib. O, Bakı şəhərinin Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində yerləşən torpaq sahəsini F. İmanovun adına özəlləşdirəcəyinə söz verib.
Bu vədlə 2023-cü il ərzində müxtəlif vaxtlarda və ünvanlarda zərərçəkmişdən hissə-hissə pul alıb. Belə ki, əvvəlcə 200 min, daha sonra 60 min, 40 min, 60 min, 40 min, 70 min, 30 min və sonuncu dəfə 60 min manat olmaqla, ümumilikdə 560 min manat vəsait ələ keçirilib.
Məhkəmə materiallarında pulun verilməsini təsdiqləyən, müttəhimin imzaladığı sənəd də yer alıb. Həmin sənəddə onun 560 min manat məbləğində vəsaiti hissə-hissə aldığını təsdiqlədiyi göstərilir. Bundan başqa, 2023-cü ildə bağlanmış kredit müqaviləsinə əsasən, müttəhim F. İmanovdan 200 min manat borc götürərək həmin məbləği 2024-cü ilədək qaytarmağı öhdəsinə götürüb.
Məhkəmədə ifadə verən müttəhim 560 min manatın hamısının ona çatmadığını bildirib. Onun sözlərinə görə, pulun 450 min manatını başqa şəxs götürüb, 110 min manat isə özündə qalıb. Müttəhim həmin 110 min manatın əvəzinə özünə məxsus evi zərərçəkmişə verdiyini də qeyd edib.
O, digər şəxsdən dəfələrlə pulun qaytarılmasını tələb etdiyini, lakin həmin şəxsin müxtəlif vədlərlə ödənişi gecikdirdiyini bildirib. Müttəhim törətdiyi əməldən peşman olduğunu və zərərçəkmişə dəymiş ziyanın tam ödənildiyini vurğulayıb.
Zərərçəkmiş F. İmanov da məhkəmədəki ifadəsində ümumilikdə 560 min manat pul verdiyini təsdiqləyib. Onun sözlərinə görə, müttəhim əvvəlcə torpaq sahəsinin çıxarışının hazırlanacağını vəd etsə də, sonradan bu prosesi müxtəlif bəhanələrlə uzadıb. Daha sonra müttəhim pulun qaytarılması əvəzinə özünə məxsus evi ona təklif edib və həmin əmlakı zərərçəkmişin adına rəsmiləşdirib.
Zərərçəkmiş ona dəymiş ziyanın tam ödənildiyini bildirib. O, müttəhimlə barışdığını, şikayət və hər hansı tələbinin olmadığını məhkəmənin diqqətinə çatdırıb.
Məhkəmə müttəhimi Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Lakin məhkəmənin hökmü ilə cəza 3 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub.
Seyid