Xəbər lenti

Futbol dünyası şokda: FIFA-nın sistemləri sındırıldı - Məxfi məlumatlar ələ keçirildi
İdman18:15 26.11.2026

Futbol dünyası şokda: FIFA-nın sistemləri sındırıldı - Məxfi məlumatlar ələ keçirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Beynəlxalq Futbol Federasiyasının (FIFA) informasiya sistemlərinə kiberhücum edilib. Hakerlər qurumun əməkdaşlarının kimliyinə bürünərək sistemə daxil olub, maliyyə sənədləri və daxili yazışmalar da daxil olmaqla 12 giqabaytdan çox məlumat əldə ediblər.

Qaynarinfo xəbər verir ki, FIFA kiberhücum faktını təsdiqləyib. Bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Məlumata görə, “Handsome Boy Hacking Club” (HBHC) adlı haker qrupu noyabrın 19-da “X” sosial şəbəkəsində FIFA-ya aid olduğu bildirilən faylların və daxili yazışmaların görüntülərini paylaşıb. Bununla da qrup hücumun məsuliyyətini üzərinə götürdüyünə dair mesaj verib.

Ələ keçirildiyi iddia olunan məlumatlar arasında şəxsiyyət və miqrasiya sənədləri, yüksək vəzifəli şəxslərlə bağlı məlumatlar, maliyyə hesabatları, hüquqi sənədlər, korporativ idarəetmə qeydləri və müxtəlif yazışmalar yer alır.

FIFA-nın sözçüsü nəşrə açıqlamasında qurumun məhdud həcmdə şəxsi və kommersiya məlumatlarına icazəsiz girişlə nəticələnən kiberhücumun qurbanı olduğunu bildirib. Hazırda hadisə ilə bağlı aidiyyəti qurumlar və hüquq-mühafizə orqanları ilə birgə araşdırma aparılır.

FIFA qanunsuz yollarla əldə edilən şəxsi məlumatların yayılmasını da pisləyib. Qurum belə hərəkətlərin şəxsi həyatın toxunulmazlığının ciddi pozuntusu olduğunu və zərərçəkənlər üçün ağır nəticələr yarada biləcəyini vurğulayıb.

Nəşrin danışdığı FIFA mənbələrinin sözlərinə görə, hakerlər sistemdəki texniki boşluqdan istifadə etməyib, əməkdaşların kimliyinə bürünərək giriş əldə ediblər. Bununla belə, ələ keçirilən məlumatların FIFA-nın ümumi informasiya bazasının 0,1 faizindən az olduğu bildirilir. Hücum zamanı artıq dayandırılmış FIFA Forward Enterprise layihəsinə aid sənədlərin ələ keçirilmədiyi də qeyd olunur.

Hücumun FIFA-nın prezidenti Canni İnfantinonun və ya baş katib Mattias Qrafstremın şəxsi hesablarını hədəf alıb-almadığı hələlik məlum deyil. Mənbələr hücumun konkret şəxslərə deyil, birbaşa təşkilata yönəldiyini bildiriblər.

Qeyd edək ki, FIFA bundan təxminən üç ay əvvəl də quruma və onun prezidentinə qarşı təşkilatlanmış fəaliyyətlərin olduğunu açıqlamışdı. Futbol dünyasında kiberhücumlar təkcə FIFA ilə məhdudlaşmır. Noyabrın əvvəlində İspaniyanın La Liqa çempionatının rəqəmsal xidmət platformalarından birinə də icazəsiz giriş qeydə alınıb. Argentina Futbol Assosiasiyası isə iyul ayında mümkün kiberhücumla bağlı araşdırmaya başlamışdı.

Aydın