Xəbər lenti

Beyin köçü Azərbaycan iqtisadiyyatına hansı zərəri vurur? – İqtisadçıdan açıqlama
Ekonomiks18:01 26.11.2026

Beyin köçü Azərbaycan iqtisadiyyatına hansı zərəri vurur? – İqtisadçıdan açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədə gənclərin xaricə beyin köçünün qarşısını almaq məqsədilə xüsusi istedadların idarə olunması üçün beyin mərkəzlərinin yaradılması təklif edilir. Model çərçivəsində istedadlı gənclərin xüsusi universitetlərdə təhsil alması, işlə təmin olunması və elmi fəaliyyətlə məşğul olması üçün imkanların yaradılması nəzərdə tutulur.

Azərbaycanda da zaman-zaman ixtisaslı kadrların xarici ölkələrə üz tutması və beyin köçünün yaratdığı problemlər müzakirə olunur. Ölkədə yetişdirilən savadlı mütəxəssislərin xaricə getməsi dövlətin təhsil və insan kapitalına yatırdığı investisiyanın itirilməsi ilə nəticələnə biləcəyi düşünülür. Bundan başqa, yerli əməkhaqlarının xarici ölkələrlə müqayisədə aşağı olması və karyera imkanlarının məhdudluğu kadrların ölkəni tərk etməsinə təsir göstərən amillərdən hesab olunur.

Bəs Türkiyədə təklif olunan, xüsusi universitet yerləri, işlə təminat və elmi fəaliyyət imkanlarını əhatə edən model Azərbaycan üçün nə dərəcədə tətbiq olunan ola bilər? Ölkədə yetişdirilən savadlı kadrların xaricə getməsi iqtisadiyyata hansı itkiləri yaradır və bu prosesin qarşısını necə almaq mümkündür?

Qaynarinfo-ya açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, ölkədə yetişdirilən kadrların sonradan xaricə getməsi Azərbaycan üçün ciddi itkidir.

İqtisadçının sözlərinə görə, dövlət insan kapitalının formalaşmasına uzun illər ərzində böyük vəsait və resurslar sərf edir:

“Ölkədə yetişdirilən kadrların sonradan ölkədən getməsi ölkəmiz üçün problemdir. Çünki onillərlə investisiya qoyulur, hökumət kadrın yetişdirilməsinə ciddi diqqət eləyir, sonra da kadr yetişəndən sonra xaricə gedir. Təbii ki, bu da ölkə üçün xüsusi itkidir. İxtisaslı, perspektivli kadrın ölkədən getməsi ölkədən beyin axınına gətirib çıxarır və bunu da idxal eləyən dövlət çox rahat şəkildə investisiya etmədən kadr tələbatını ödəmiş olur.

Çünki kadrın yetişdirilməsi bağçadan, orta məktəbdən, universitetdən dövlətə böyük vəsaitlər hesabına başa gəlir.

Misal üçün, bu il təhsil büdcəsi 5 milyard manatdan çoxdur. Düzdür, bunun saxlanması, kadr xərcləri filan məsələlər var, amma nəticə olaraq, dövlət müəssisələri vətəndaşa pulsuz xidmət göstərir. Bu prosesin maliyyələşdirilməsi də dövlət üçün yükdür”.

Xalid Kərimli qeyd edib ki, yetişdirilən kadrların ölkəni tərk etməsi ilə bağlı problemin həlli onları inzibati qaydada ölkədə saxlamaqdan ibarət ola bilməz:

“Yetişdirilən kadrın çox rahat şəkildə ölkədən buraxılması ölkəmiz üçün itkidir. Amma kadrı da məcburi tutub saxlamaq imkanları yoxdur. Əmək bazarı qloballaşdıqca, kadrları xaricdə əmək məhsuldarlığının və əməkhaqlarının daha yüksək olması səbəbindən inzibati qaydada ölkədə saxlamaq qeyri-mümkündür.

Dövlət, bildiyiniz kimi, xaricdə təhsili də maliyyələşdirir. Bunun üçün müvafiq dövlət proqramı mövcuddur və istedadlı tələbələrin xaricdə təhsil xərcləri dövlət tərəfindən qarşılanır. Lakin həmin tələbələr təhsillərini başa vurduqdan sonra onları ölkədə saxlamaq mümkün olmadıqda, dövlətin bu istiqamətdə ayırdığı vəsait əlavə itkiyə çevrilir”.

İqtisadçı hesab edir ki, problemin əsas səbəblərindən biri Azərbaycan iqtisadiyyatının xarici ölkələrlə müqayisədə daha yüksək əməkhaqqı təklif etmək imkanlarının məhdud olmasıdır:

“Amma bu da mövcud reallıqdır. Siz hətta şəxsi vəsaitiniz hesabına təhsil alsanız belə, Amerikada və Avropada olduğu kimi yüksək gəlir və əməkhaqqı əldə edə bilmirsiniz. Bu baxımdan, vəziyyət dövrümüzün reallıqlarından biridir. Nə qədər çalışsaq da, kadrları ölkədə saxlamaq istəsək də, Azərbaycanda əməkhaqları xarici ölkələrlə müqayisədə daha aşağı olacaq.

İqtisadiyyat inkişaf etməlidir ki, vətəndaşlar daha yüksək əməkhaqqı əldə edə bilsinlər. Müasir dövrün ən böyük problemlərindən biri də budur. Əməkhaqları əmək bazarındakı vəziyyətdən və əmək məhsuldarlığından asılı olaraq artır. Bu məsələdə inzibati qaydada hər hansı tədbirin görülməsi mümkün deyil”.

Günay İlqarqızı