
ABŞ-da yaşayan, boyları 216 və 185 santimetr olan cütlüyün yeni doğulan övladları qeyri-adi fiziki göstəriciləri ilə insanların marağına səbəb olub.
Qaynarinfo xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.
Bo Braun və həyat yoldaşı Saranın hər iki qızı dünyaya gələrkən təxminən 66 santimetr boya malik olub. Halbuki yeni doğulan körpələrin orta boyu adətən 48-51 santimetr arasında dəyişir.
Cütlüyün kiçik qızı Dryu cəmi iki ay yarımlıq olmasına baxmayaraq, artıq 6-9 aylıq uşaqlar üçün nəzərdə tutulan geyimlər geyinir. Atası hesab edir ki, qızının böyümə tempi belə davam edərsə, o, gələcəkdə özündən iki yaş böyük bacısı Delaylanı da boyda geridə qoya bilər.
Qeyd edək ki, Bo doğularkən çəkisi təxminən 6 kiloqram, Saranın çəkisi isə 4 kiloqramdan çox olub. Hər ikisi uzun illərdir qeyri-adi boylarına görə ətrafdakıların diqqətini çəkdiklərini və tez-tez müxtəlif suallarla qarşılaşdıqlarını bildirirlər. Bəziləri hətta onları “Avatar” filminin qəhrəmanlarına bənzədir.
Cütlüyün övladları dünyaya gəldikdən sonra maraq daha da artıb. İndi tanımadıqları insanlar qızların gələcəkdə nə qədər hündürboy olacağı ilə maraqlanırlar.
Bo Braun qızlarının gələcəkdə basketbol və ya voleybolla məşğul ola biləcəyini istisna etmir. Bununla belə, onları hər hansı idman növünə yönəltmək niyyətində deyil. Atanın sözlərinə görə, əsas məqsədi övladlarına boylarından utanmamağı və ətrafdakıların diqqətinə rahat yanaşmağı öyrətməkdir. O və həyat yoldaşı özləri də bu cür münasibətlərlə üzləşdikləri üçün qızlarına dəstək olmağa hazırdırlar.
Aydın