Xəbər lenti

Yadplanetlilərin göndərdiyi "Wow!" siqnalının sirri hələ də açılmayıb
Dünya21:43 26.11.2026

Yadplanetlilərin göndərdiyi "Wow!" siqnalının sirri hələ də açılmayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

1977-ci ildə kosmosdan qeydə alınan və yadplanetli sivilizasiyadan gəlmiş mesaj ola biləcəyi ehtimal edilən “Wow!” siqnalı indiyədək elm adamlarının diqqət mərkəzindədir. Astrofiziklər onu yerdənkənar ağıllı həyatla əlaqəli mümkün radio siqnallarının ən ciddi namizədlərindən biri hesab edirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə fizika-riyaziyyat elmləri doktoru, Moskva Dövlət Universitetinin Nüvə Fizikası Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Aleksandr Panov “Gazeta.Ru”ya açıqlamasında danışıb.

Sözügedən siqnal 1977-ci ildə ABŞ-dakı “Big Ear” radio teleskopu vasitəsilə Oxatan bürcü istiqamətindən qeydə alınıb. Təxminən 72 saniyə davam edən güclü və qeyri-adi radio siqnalı sonradan dəfələrlə axtarılsa da, bir daha təkrarlanmayıb.

Astronom Cerri Eyman teleskopdan alınan məlumatların çap olunmuş nüsxəsində qeyri-adi siqnalı dairəyə alaraq yanına “Wow!” yazıb. Hadisə də məhz bundan sonra bu adla tanınıb.

Siqnalın diqqətçəkən xüsusiyyətlərindən biri onun tezliyinin hidrogenin şüalanma xəttinə – 1420 meqahersə yaxın olmasıdır. Bu tezlik alimlər tərəfindən ulduzlararası rabitə üçün mümkün təbii kanallardan biri kimi qiymətləndirilir.

Panovun sözlərinə görə, siqnalın ən müəmmalı tərəfi teleskopun onun tam davametmə müddətini deyil, yalnız yaranma və ya yoxolma anını qeydə almış ola bilməsidir. Buna görə də onun hansı şəraitdə meydana gəldiyini müəyyənləşdirmək mümkün olmayıb.

Alim bildirib ki, siqnalın təbiəti ilə bağlı alternativ izahlar da mövcuddur. Ehtimallardan birinə əsasən, bu, kometanın müşahidə sahəsindən keçməsi nəticəsində yaranmış təbii maser şüalanması ola bilər. Maser kosmosda qaz buludlarının müəyyən tezlik diapazonunda radioşüalanmanı gücləndirməsi nəticəsində yaranan təbii hadisədir.

Beləliklə, təxminən yarım əsr keçməsinə baxmayaraq, “Wow!” siqnalının mənbəyi müəyyən edilməyib. Müasir dövrdə də yadplanetli sivilizasiyalara aid ola biləcək radio siqnalları qeydə alınsa da, indiyədək onların heç biri etibarlı şəkildə süni mənşəli hesab edilməyib.

Aydın