Xəbər lenti

Dünyanın ən az turist gedən 13 ölkəsi - Görməli yerləri ilə diqqət çəkirlər
Dünya19:48 26.11.2026

Dünyanın ən az turist gedən 13 ölkəsi - Görməli yerləri ilə diqqət çəkirlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyada hər il minlərlə turist qəbul edən məşhur ölkələrlə yanaşı, səyahətçilərin nadir hallarda üz tutduğu dövlətlər də var. Bəzi ölkələrə il ərzində 3 500-dən az turist gedir, Avropanın bəzi dövlətlərində isə turist axını hələ 100 min nəfərə çatmayıb.

Qaynarinfo xəbər verir ki, "Euronews" dünyanın ən az ziyarət edilən 13 ölkəsinin siyahısını hazırlayıb.

Siyahı tərtib edilərkən təhlükəsizlik səbəbindən vətəndaşlarına həmin ölkələrə səfər etməməyi tövsiyə edən dövlətlərin siyahıları nəzərə alınıb. Bu səbəbdən Sudan və Somali kimi ölkələr reytinqə daxil edilməyib.

Siyahının ilk pilləsində Sakit okeanda yerləşən Tuvalu qərarlaşıb. Dünyanın ən az ziyarət edilən ölkəsi hesab olunan bu ada dövlətinin gələcəyi də narahatlıq doğurur. Proqnozlara görə, okean səviyyəsinin yüksəlməsi nəticəsində 2100-cü ilədək ölkə ərazisinin 95 faizə qədəri su altında qala bilər.

Reytinqdə yer alan digər ölkə Ekvatorial Qvineyadır. Kamerun və Qabon arasında yerləşən bu Afrika dövləti neft hasilatı ilə yanaşı, təbii gözəllikləri ilə də seçilir. Bioko adasında vulkanik zirvələr və şəlalələr, Monte Alen Milli Parkında isə 16 primat növü və dünyanın ən böyük qurbağası sayılan Qoliat qurbağası var. Ölkə həmçinin dəri tısbağalarının yuvalama məkanları ilə tanınır.

Marşall adaları da az turist qəbul edən ölkələr sırasındadır. ABŞ 1940-1950-ci illərdə bu ərazidən nüvə silahlarının sınağı üçün istifadə edib. Ölkənin UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş yeganə obyekti Bikini atollundakı keçmiş nüvə poliqonudur. Təcrübəli dalğıclar burada batmış gəmiləri, o cümlədən “USS Saratoga” aviadaşıyıcısını araşdıra bilirlər.

Siyahıda Türkmənistan, Kiribati, Niue, Mikroneziya Federativ Ştatları, Solomon adaları, San-Tome və Prinsipi, Şərqi Timor, Tonqa, Palau və Moldova da yer alıb.

Bu ölkələrin hər biri özünəməxsus turizm imkanları ilə seçilir. Məsələn, Türkmənistanın paytaxtı Aşqabad ağ mərmərlə üzlənmiş binaların sıxlığına görə Ginnesin Rekordlar Kitabına düşüb. Təxminən 600 adadan ibarət Mikroneziya Federativ Ştatları isə ada turizmi üçün maraqlı istiqamətlərdəndir.

Sakit okeandakı Niue adası ulduzları müşahidə etmək üçün əlverişli məkan kimi tanınır. Solomon adalarında yerləşən Kəllələr adasında isə yaşı 300-1000 il arasında dəyişən insan qalıqları qorunub saxlanılır.

Şərqi Timor sualtı dünyası ilə diqqət çəkir. Burada dalğıclar rif balıqlarının zəngin növ müxtəlifliyini müşahidə edə bilirlər. Moldova isə əsasən şərabçılıq ənənələri ilə turistlərin marağına səbəb olur.

Nəşr qeyd edir ki, son dövrlərdə səyahətçilər izdihamlı turizm mərkəzləri əvəzinə, az tanınan və kəşf edilməmiş istiqamətlərə daha çox maraq göstərirlər.

Aydın