Xəbər lenti

120 min avroluq geyimlər geyinən it "Vogue" jurnalının üz qabığında (FOTO)
DƏB08:15 27.11.2026

120 min avroluq geyimlər geyinən it "Vogue" jurnalının üz qabığında (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dörd yaşlı Samanta adlı əfqan tazısı lüks moda dünyasının qeyri-adi modellərindən birinə çevrilib. “Chanel”, “Jimmy Choo” və “Hugo Boss” kimi məşhur brendlərin geyimlərini nümayiş etdirən itin sosial şəbəkələrdə yüz minlərlə izləyicisi var. O, hətta nüfuzlu “Vogue” jurnalının xüsusi buraxılışı üçün də kamera qarşısına keçib.

Qaynarinfo xəbər verir ki, bu barədə “The Telegraph” nəşri yazıb.

Samantanın model kimi karyerası hələ balalıq dövründə başlayıb. Onun sahibi Betani Plevri itin həddindən artıq uzun və incə bədən quruluşuna görə adi it geyimlərinin uyğun gəlmədiyini görüb. Nəticədə o, öz qarderobundakı şərf və boğazlı sviterləri Samantaya geyindirməyə başlayıb. Beləcə, qeyri-adi moda layihəsinin əsası qoyulub.

Betani Samantaya cəmi dörd aylıq olarkən onun adına “Instagram” hesabı açıb. Əvvəlcə məqsəd balaca itin fotolarını dostları ilə bölüşmək olub. Lakin iki il sonra Samanta “Jimmy Choo”nun reklam kampaniyasına dəvət alıb. Ardınca “Hugo Boss”, “Tommy Hilfiger” və “Acqua di Parma” kimi brendlərlə əməkdaşlıq edib.

100 min funt sterlinqlik qarderob

Samantanın karyerasının ən diqqətçəkən mərhələsi ABŞ-ın “Vogue” jurnalının illik “Dogue” xüsusi buraxılışı üçün çəkilişdə iştirakı olub. Moda dünyasına həsr olunan bu layihədə əfqan tazısı “Chanel” dizayner geyimlərini nümayiş etdirib.

Sahibinin sözlərinə görə, fotosessiya üçün təqdim edilən geyimlərin ümumi dəyəri təxminən 100 min funt sterlinq, yəni 120 min avroya yaxındır.

Bununla belə, Samantanın qarderobundakı bütün geyimlər yeni və bahalı deyil. Betani dostlarından paltar götürür, həmçinin ikinci əl mağazalardan uyğun geyimlər axtarır. Hətta sahibinin bir rəfiqəsi vaxtilə Samantanın fotosessiyada nümayiş etdirdiyi paltarı öz toyunda geyinib.

Geyimlər yalnız çəkiliş zamanı istifadə olunur

Heyvanların dəbli geyimlərdə nümayiş etdirilməsi birmənalı qarşılanmır. Heyvan hüquqları müdafiəçiləri belə yanaşmanın itlərdə stress yarada, hərəkətlərini məhdudlaşdıra və dəridə qıcıqlanmaya səbəb ola biləcəyini bildirirlər.

Lakin Samanta üçün geyimlərin praktik əhəmiyyəti də var. Əfqan tazılarının dərialtı piy qatı çox nazik, tükləri isə seyrək olduğundan onlar soyuğa, yağışa və küləyə qarşı həssasdırlar. Bu səbəbdən xüsusi paltolar onların bədənini soyuqdan qorumağa kömək edir.

Betani isə vurğulayır ki, “Chanel” donları, “Jimmy Choo” ayaqqabıları və gün eynəkləri Samantaya yalnız fotosessiyalar zamanı geyindirilir. Gündəlik həyatda itin rahatlığı və sərbəst hərəkəti əsas götürülür.

Aydın