
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Mingəçevir Dövlət Universitetində (MDU) "Azərbaycan-Slavyan Gənclərinin Qarabağ Forumu” layihəsi çərçivəsində ilk tədbirini keçirib.
Mingəçevir Dövlət Universitetinin Konfrans zalında baş tutan forumda universitet rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, ictimaiyyət təmsilçiləri, müəllimlər və tələbə-gənclər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İlk olaraq Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxış edərək universitetin fəaliyyəti, həyata keçirilən layihələr və gənclərlə iş istiqamətində görülən tədbirlər barədə məlumat verib. Rektor bu cür forumların gənclərin vətənpərvərlik ruhunda yetişməsi, Qarabağın gələcəyinə dair təşəbbüslərin təşviqi və onların intellektual potensialının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Daha sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov çıxış edərək layihənin məqsəd və məramı, təşkilatın fəaliyyəti, eləcə də ASGA-nın indiyədək həyata keçirdiyi yerli və beynəlxalq forumlar haqqında danışıb. O, Qarabağ mövzusunun beynəlxalq müstəvidə təbliği, gənclərin bu prosesdə fəal iştirakı və müasir texnologiyaların yaratdığı imkanlardan istifadənin vacibliyini qeyd edib. Səbuhi Abbasov layihəyə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Gənclər Fonduna təşəkkürünü bildirib.
Forumda Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi, Ərazi-təşkil və ictimai-siyasi məsələlər şöbəsinin ictimai - siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi Qorxmaz Abbaszadə çıxış edərək şəhər rəhbərliyinin salamlarını iştirakçılara çatdırıb, tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək forum iştirakçılarına uğurlar arzulayıb.
Gənclər Fondunun nümayəndəsi də çıxışında gənclərin təşəbbüslərinin dəstəklənməsinin, onların ictimai proseslərdə fəallığının artırılmasının və Qarabağın gələcəyinə dair innovativ ideyalarının təşviqinin vacibliyini diqqətə çatdırıb.
Forumun elmi və təqdimat hissəsində universitetin tələbə və gəncləri tərəfindən Qarabağın gələcəyi, rəqəmsal inkişaf, informasiya təhlükəsizliyi, ekoloji monitorinq və turizm potensialı ilə bağlı maraqlı məruzələr təqdim olunub.
Belə ki, Məryəm Əsədova "Rəqəmsal Qarabağ: Süni intellekt və ağıllı yaşayış məkanlarının gələcəyi”, Şəbnəm Nəsirova "Azad edilmiş Qarabağ: Bərpa, reinteqrasiya və gənclərin dayanıqlı inkişafda iştirakı”, Nərmin Əhmədova isə "Rəqəmsal informasiya məkanı: Sosial media, informasiya təhlükəsizliyi və gənclərin rolu” mövzularında çıxış ediblər.
Aysel Şirəliyeva "Ağıllı kənd” üçün ekoloji və aqrar monitorinq sistemi, süni intellekt əsaslı "Qarabağ Rəqəmsal Bələdçisi” – virtual turizm və tarix, eləcə də "Qarabağ Zaman Kapsulu” – rəqəmsal tarix və gələcək körpüsü adlı təşəbbüslərini təqdim edib.
Sonra azərbaycanlı telejurnalist, siyasi şərhçi, politoloq, Azərbaycan Jurnalistlər Birliyinin və Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü İnqilab Şirinli çıxış edərək bu kimi forumların gənclərin bilik və bacarıqlarının artırılmasına mühüm təsir etdiyini dedi.
Rusiya Federasiyasının vətəndaşı Elmin Kasumov ingilis dilində "Rəqəmsal Qarabağ: Gələcəyin şəhərini gənclər qurur” mövzusunda məruzə ilə çıxış edərək Qarabağın müasir texnologiyalar əsasında inkişaf perspektivlərindən bəhs edib.
Ayşən İsmayılova isə "Qarabağın sosial şəbəkələrdə tanıdılması və düzgün informasiyanın ötürülməsi” mövzusunda çıxışında informasiya müharibəsi şəraitində həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılmasının və sosial medianın imkanlarından düzgün istifadənin əhəmiyyətini vurğulayıb.
Forumun ən təsirli anlarından biri isə Azərbaycanın qəhrəman şəhidlərindən Elmar İbrahimov haqqında hazırlanmış tanıtım filminin nümayişi olub. Filmin nümayişindən sonra şəhidin anası Ümrə ana çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına göstərilən diqqətə, şəhidlərin xatirəsinə verilən dəyərə görə təşəkkürünü bildirib. Bu anlar tədbir iştirakçıları tərəfindən böyük ehtiramla qarşılanıb.
Tədbir çərçivəsində forum iştirakçılarına layihə üçün xüsusi hazırlanmış kepkalar, köynəklər, qələmlər, sertifikatlar və üzərində şəhid Elmar İbrahimovun fotosu əks olunmuş fincanlar təqdim edilib.
Forumun sonunda Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının "Fəxri diplom”u ilə təltif olunub.
Qeyd edək ki, Azərbaycan-Slavyan Gənclərinin Qarabağ Forumu layihəsinin əsas məqsədi Qarabağın tarixi, mədəniyyəti, müasir inkişafı və gələcək perspektivlərinin gənclər arasında təbliği, Azərbaycan həqiqətlərinin geniş auditoriyaya çatdırılması, eləcə də gənclərin bu istiqamətdə yeni ideya və təşəbbüslərinin dəstəklənməsidir.
Mingəçevirdə keçirilən bu forum layihənin ilk mərhələsi olmaqla yanaşı, gənclərin Qarabağın gələcəyinə dair baxışlarının, bilik və təşəbbüslərinin bir araya gətirilməsi baxımından əlamətdar hadisə olub.