
Malayziyada hərbi təyyarələrdən istifadə etməklə narkotik qaçaqmalçılığı həyata keçirməkdə şübhəli bilinən 6 nəfər, o cümlədən Hərbi Hava Qüvvələrinin pilotu məhkəmə qarşısına çıxarılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə BBC yerli mediaya istinadən məlumat yayıb.
Məlumata görə, şübhəlilər cümə günü rəsmi şəkildə ittiham olunublar. Onların üçü hərbçi, üçü isə mülki şəxsdir. Təqsirləri sübuta yetirilərsə, onları ölüm və ya ömürlük həbs cəzası gözləyir.
Polisin açıqlamasına görə, şübhəlilərdən biri Hərbi Hava Qüvvələrinin pilotudur. Onun narkotik daşınmasını koordinasiya etdiyi və qadağan olunmuş maddələri Malayziya yarımadasından Borneo adasında yerləşən Sabah ştatına şəxsən apardığı iddia edilir. Yerli medianın məlumatına əsasən, narkotiklərin Sabahdan, əsasən Filippinlərə və digər beynəlxalq bazarlara paylanması nəzərdə tutulub.
İş üzrə ittiham olunan 6 nəfər bu ayın əvvəlində saxlanılan 13 şübhəli arasındadır. Malayziyanın müdafiə naziri Mohamed Khaled Nordinin açıqlamasına görə, noyabrın 17-də Subang Hərbi Hava Bazasında hərbi təyyarəyə yüklənəcək baqajlar rutin yoxlamadan keçirilib. Yoxlama zamanı beş çamadan və bir qutuda gizlədilmiş 96,64 kiloqram metamfetamin aşkarlanıb.
Polis ələ keçirilən narkotik vasitələrin bazar dəyərinin 4 milyon 830 min Malayziya ringgiti olduğunu açıqlayıb. Əməliyyat zamanı, həmçinin 6,98 kiloqram maye kimyəvi maddə də tapılıb. Saxlanılan digər yeddi nəfər barəsində isə hələlik ittiham irəli sürülməyib. Onlardan dördünün Hərbi Hava Qüvvələrinin əməkdaşı, üçünün isə mülki şəxs olduğu bildirilir.
Malayziyanın daxili işlər naziri Saifuddin Nasution İsmail parlamentdə çıxışı zamanı 2024-cü ilin avqustundan etibarən hərbi hava bazalarından istifadə edilməklə 21 qaçaqmalçılıq faktının müəyyən edildiyini bildirib. Nazirin sözlərinə görə, bu yolla daşınan narkotiklərin ümumi çəkisi 3 tona, dəyəri isə 156 milyon ringgitə (təxminən 37,9 milyon ABŞ dolları) çatıb.
Günay