Xəbər lenti

Marqus Tsahkna: Bakı və İrəvan arasında sülh regiona böyük perspektivlər gətirəcək
Siyasət13:31 27.11.2026

Marqus Tsahkna: Bakı və İrəvan arasında sülh regiona böyük perspektivlər gətirəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Estoniya Azərbaycanla münasibətlərin genişləndirilməsində, xüsusilə enerji, ticarət, investisiya və rəqəmsallaşma sahələrində əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Tallin Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasını isə bütün Cənubi Qafqaz üçün yeni perspektivlər yaradan proses kimi qiymətləndirir.

Qaynarinfo xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.

Bakı-İrəvan münasibətlərinin normallaşması

Marqus Tsahkna bildirib ki, Estoniya Azərbaycanı mühüm tərəfdaş hesab edir və regionda yaranan yeni iqtisadi imkanlardan yararlanmaq niyyətindədir.

Onun sözlərinə görə, Azərbaycanın enerji sahəsindəki təcrübəsi, qlobal ticarət və iqtisadiyyatda baş verən dəyişikliklər iki ölkə arasında əməkdaşlıq üçün əlavə imkanlar yaradır.

Estoniyalı nazir Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının da region üçün böyük perspektivlər açacağını vurğulayıb.

O, bu il Estoniyanın Ermənistanda səfirlik açdığını xatırladaraq, bunun Tallinin Cənubi Qafqazda uzunmüddətli mövcudluğunu möhkəmləndirmək niyyətindən xəbər verdiyini bildirib.

"Biz bura uzun müddətə gəlmişik", - Tsahkna qeyd edib.

Azərbaycanla təhlükəsizlik məsələlərində ortaq mövqe

Estoniyanın xarici işlər naziri Azərbaycanla təhlükəsizlik məsələlərində oxşar mövqelərə malik olduqlarını bildirib.

O, səfər çərçivəsində Prezident İlham Əliyevlə də görüşdüyünü və qlobal təhlükəsizliklə bağlı geniş müzakirələr apardığını söyləyib.

Tsahknanın sözlərinə görə, tərəflər beynəlxalq vəziyyətlə bağlı narahatlıqlarını bölüşüblər.

Ukraynanın bərpası konfransında Azərbaycan da iştirak edəcək

Estoniyalı nazir Azərbaycanın 2027-ci ilin yanvar ayının sonunda Estoniyada keçiriləcək Ukraynanın bərpası üzrə beynəlxalq konfransda yüksək səviyyədə təmsil olunacağını açıqlayıb.

Onun sözlərinə görə, Estoniya tədbiri Ukrayna ilə birlikdə təşkil edir.

Tsahkna Azərbaycanın konfransda iştirakını müsbət qiymətləndirərək, Bakıya Ukraynaya göstərdiyi dəstəyə, sülh səylərinə və qarşıdan gələn qış mövsümündə əhaliyə yardıma görə təşəkkür edib.

O, Ukrayna üçün qarşıdan gələn qışın ağır keçəcəyini də diqqətə çatdırıb.

Estoniya Rusiya ilə sərhədi bağlayır

Marqus Tsahkna Estoniyanın dekabrın 1-dən Rusiya ilə sərhədini bağlamaq qərarına da münasibət bildirib.

Nazir bu addımın Avropanın təhlükəsizliyinin təmin olunması zərurətindən irəli gəldiyini deyib. O, Rusiyanın Ukraynaya qarşı müharibəsinin davam etdiyini, Avropada Rusiya ilə əlaqələndirilən təxribat və insidentlərin artdığını vurğulayıb.

Tsahkna bildirib ki, Estoniya bu qərarı vermək istəməsə də, mövcud şəraitdə təhlükəsizlik naminə reaksiya göstərməlidir.

O, müharibənin dayandırılması üçün ilk addımın Moskva tərəfindən atılmalı olduğunu, lakin hələlik Rusiyanın bu istiqamətdə lazımi addımlar atmadığını qeyd edib.

Estoniya Azərbaycan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsini dəstəkləyir

Estoniyanın xarici işlər naziri Azərbaycan vətəndaşları üçün Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılması prosesinə də dəstək ifadə edib.

O bildirib ki, Tallin daha çox azərbaycanlı tələbənin Estoniyanın ali təhsil müəssisələrində oxumasında və estoniyalı turistlərin Azərbaycana səfərlərinin artmasında maraqlıdır.

Tsahkna Avropa İttifaqının Azərbaycanla uzunmüddətli tərəfdaşlığa önəm verdiyini, ticarət, energetika və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Nazir əlavə edib ki, Estoniya Azərbaycanla yanaşı, bütövlükdə Cənubi Qafqaz regionunda ticarət, enerji, investisiya və rəqəmsallaşma sahələrində əməkdaşlığın inkişaf etdirilməsini istəyir.