
Azərbaycan ATƏT-ə sədrlik üçün namizədliyinin irəli sürülməsinə müsbət yanaşır. Bununla yanaşı, Bakı ilə Tallin arasında siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılır.
Qaynarinfo xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Bakıda estoniyalı həmkarı Marqus Tsahkna ilə keçirdiyi birgə brifinqdə danışıb.
Azərbaycan ATƏT-ə sədrlik edə bilər
Ceyhun Bayramov bildirib ki, İsveçrənin ATƏT-də sədrliyi dekabrın 31-də başa çatır. Növbəti sədrin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr davam etsə də, təşkilat daxilindəki mürəkkəb siyasi vəziyyət səbəbindən hələlik ümumi razılıq əldə olunmayıb.
Nazirin sözlərinə görə, Azərbaycan indiyədək konsensus əsasında irəli sürüləcək istənilən namizədi dəstəkləməyə hazır olduğunu bildirib. Lakin son həftələrdə sədrliyin 2027, 2028 və 2029-cu illər üzrə vahid paket şəklində müəyyənləşdirilməsi təklifi gündəmə gəlib.
Bu çərçivədə Azərbaycanın da namizədliyi irəli sürülüb. Daha sonra müzakirələrə Ermənistanın da daxil edilməsi təklif olunub.
Bayramov qeyd edib ki, Bakı təşkilatda yaranmış mürəkkəb vəziyyətin həllinə və ATƏT-in gələcəyinə müsbət töhfə verməyə hazırdır. Azərbaycanın bu təklifə münasibəti ümumilikdə müsbətdir və məsləhətləşmələr intensiv şəkildə davam edir.
Estoniyanın Bakıda səfirliyi açılır
XİN rəhbəri Estoniya ilə münasibətlərin inkişafından da danışıb. O bildirib ki, Marqus Tsahkna ilə görüşün əsas məqsədlərindən biri Estoniyanın Bakıdakı səfirliyinin fəaliyyətə başlamasıdır.
Nazir Estoniyanın Azərbaycanda ilk rezident səfirinin fəaliyyətə başlamasını müsbət hadisə kimi qiymətləndirib. Onun sözlərinə görə, hər iki ölkənin paytaxtında diplomatik nümayəndəliklərin fəaliyyət göstərməsi ikitərəfli əlaqələrin inkişafına əlavə imkanlar yaradacaq.
Bayramovun məlumatına görə, Azərbaycan və Estoniya arasında hazırda 16 sənəd mövcuddur, daha 8 sənəd üzərində isə iş aparılır.
O, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğunu vurğulayıb. Belə ki, ötən il Azərbaycandan Estoniyaya 32 milyon dollar, Estoniyadan Azərbaycana isə 25 milyon dollar investisiya yatırılıb.
TRIPP, Ermənistan və enerji əməkdaşlığı müzakirə olunub
Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin postmünaqişə mərhələsi də diqqət mərkəzində olub.
Ceyhun Bayramov estoniyalı həmkarını Azərbaycandan Ermənistana neft məhsullarının daşınması, iki ölkənin dövlət qurumlarının rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq, TRIPP layihəsi, eləcə də Ermənistanda yeni Konstitusiya məsələsi barədə məlumatlandırdığını bildirib.
Tərəflər azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərini və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını da müzakirə ediblər.
Bundan başqa, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə davam edən gərginliyin regional və beynəlxalq təhlükəsizliyə təsirləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu
Danışıqlarda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə də müzakirə olunub.
Bayramovun sözlərinə görə, tərəflər qaz təchizatı, Avropa İttifaqının dəstəyi və üzv ölkələrin iştirakı ilə həyata keçirilən yaşıl enerji təşəbbüsləri barədə fikir mübadiləsi aparıblar.
Orta Dəhliz də görüşün əsas mövzularından biri olub. Nazir bu nəqliyyat marşrutunun həm Azərbaycanın, həm də Estoniyanın maraqlarına uyğun olduğunu bildirib.
Estoniyada 200 azərbaycanlı tələbə təhsil alır
Ceyhun Bayramov iki ölkə arasında humanitar və təhsil əlaqələrinin də inkişaf etdiyini diqqətə çatdırıb.
Hazırda Estoniyada 200 azərbaycanlı tələbə təhsil alır. Ölkələr arasında ali təhsil müəssisələri səviyyəsində akademik mübadilə proqramları və əməkdaşlıq əlaqələri mövcuddur.
Nazir əlavə edib ki, ötən il Estoniyadan Azərbaycana 2 minə yaxın turist gəlib. O, beynəlxalq platformalarda qarşılıqlı dəstək məsələlərinin də müzakirə olunduğunu və Estoniyanın Avropa İttifaqının fəal üzvü kimi Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına töhfə verə biləcəyini vurğulayıb.