Xəbər lenti

Qarabağ və Şərqi Zəngəzurun investisiya potensialı: Əmlak qiymətləndirilməsi necə aparılmalıdır?
Ekonomiks13:20 27.11.2026

Qarabağ və Şərqi Zəngəzurun investisiya potensialı: Əmlak qiymətləndirilməsi necə aparılmalıdır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

(Yazı "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusu üzrə hazırlanıb)

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işləri regionların iqtisadi potensialının üzə çıxarılması ilə yanaşı, yeni investisiya imkanları da yaradır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kənd təsərrüfatı, sənaye, turizm, logistika və yaşayış infrastrukturu layihələrinin genişlənməsi torpaq və daşınmaz əmlakın iqtisadi dəyəri məsələsini aktuallaşdırır.

Bəs bu ərazilərdə torpaq və daşınmaz əmlakın investisiya potensialını hansı amillər müəyyənləşdirir? Gələcəkdə regionda iqtisadi fəallığın artması əmlak bazarına necə təsir göstərəcək?

Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərov Qaynarinfo-ya bildirib ki, Qarabağ və Şərqi Zəngəzura yalnız gələcək investisiya məkanı kimi deyil, Azərbaycanın uzunmüddətli iqtisadi inkişafının mühüm istiqamətlərindən biri kimi yanaşmaq lazımdır:

"Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında torpaq və daşınmaz əmlakın iqtisadi potensialını qiymətləndirərkən bu ərazilərə yalnız gələcək investisiya məkanı kimi deyil, həm də Azərbaycanın uzunmüddətli iqtisadi inkişafının mühüm istiqamətlərindən biri kimi yanaşmaq lazımdır. Burada əsas dəyər amili torpaq sahələrinin mövcudluğu deyil, onların infrastruktur, istehsal, logistika, turizm və yaşayış mühiti ilə inteqrasiya olunaraq iqtisadi dövriyyəyə cəlb edilməsidir.

İlk növbədə, regionun kənd təsərrüfatı potensialı xüsusi əhəmiyyət daşıyır. Torpaqların münbitliyi, su ehtiyatları, iqlim müxtəlifliyi və geniş əkin sahələri aqrar istehsal, heyvandarlıq, bağçılıq və emal sənayesinin inkişafı üçün imkanlar yaradır. Lakin bu potensialın reallaşması torpaqların minalardan təmizlənməsi, suvarma sistemlərinin bərpası, müasir aqrar texnologiyaların tətbiqi və bazarlara çıxış imkanlarından birbaşa asılıdır".

Fərid Cəfərovun sözlərinə görə, regionun iqtisadi potensialının reallaşmasında şəhərsalma və yaşayış infrastrukturu layihələri də mühüm rol oynayır:

"Digər mühüm istiqamət şəhərsalma və yaşayış infrastrukturu layihələridir. Ağdam, Füzuli, Şuşa, Cəbrayıl, Zəngilan və digər yaşayış məntəqələrində aparılan bərpa və quruculuq işləri yeni iqtisadi və daşınmaz əmlak bazarının formalaşmasına zəmin yaradır. Xüsusilə nəqliyyat bağlantıları, sənaye zonaları, turizm infrastrukturu və yeni yaşayış məhəllələri ərazilərin gələcək iqtisadi dəyərinə təsir edən əsas amillərdir".

Ekspert hesab edir ki, ərazilərdə daşınmaz əmlakın dəyəri müəyyənləşdirilərkən torpağın təyinatı və yerləşdiyi ərazi nəzərə alınmalıdır:

"Bununla yanaşı, regionda daşınmaz əmlakın investisiya dəyərini qiymətləndirərkən mühüm fərqləndirmə aparılmalıdır. Bərpa olunan şəhər mərkəzində yerləşən torpaqla kənd təsərrüfatı təyinatlı torpağın, turizm potensialı olan ərazi ilə sənaye zonasında yerləşən sahənin iqtisadi dəyəri eyni meyarlarla müəyyən edilə bilməz. Burada torpağın hüquqi statusu, təyinatı, kommunikasiya təminatı, tikinti imkanları və konkret layihələrə yaxınlığı əsas qiymət formalaşdırıcı amillərdir".

Fərid Cəfərov bu ərazilərdə daşınmaz əmlakın qiymətləndirilməsi zamanı spekulyativ gözləntilərə əsaslanmağın düzgün olmadığını vurğulayıb. Onun fikrincə, hüquqi və infrastruktur təminatı olmayan torpaq sahələri ciddi investisiya riskləri yaradır:

"Mən xüsusilə vurğulamaq istərdim ki, bu ərazilərdə torpağın və daşınmaz əmlakın qiymətləndirilməsində spekulyativ gözləntilərə deyil, real iqtisadi göstəricilərə əsaslanmaq lazımdır. Minalardan təmizlənməmiş sahələr, hüquqi statusu tam müəyyənləşdirilməmiş torpaqlar, infrastruktur təminatı olmayan ərazilər və faktiki iqtisadi fəaliyyəti hələ formalaşmayan obyektlər yüksək investisiya riski daşıyır. Eyni zamanda, torpaq üzərində mülkiyyət və istifadə hüquqlarının qanuni qaydada rəsmiləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir".

Ekspert gələcəkdə regionda iqtisadi fəallığın genişlənməsinin torpaq və daşınmaz əmlaka tələbi artıra biləcəyini düşünür. Bununla belə, qiymət artımının konkret miqyasının bir sıra iqtisadi və sosial amillərdən asılı olacağını qeyd edir:

"Gələcək perspektivlərə gəldikdə, Qarabağ və Şərqi Zəngəzurda iqtisadi fəallığın genişlənməsi ilə torpaq və daşınmaz əmlaka olan tələbin artması üçün ciddi potensial mövcuddur. Xüsusilə sənaye, logistika, turizm, kənd təsərrüfatı və xidmət sektorlarının inkişafı bu bazarın formalaşmasına təkan verə bilər. Lakin qiymət artımının miqyası infrastruktur layihələrinin icrasından, əhalinin qayıdışından, məşğulluğun genişlənməsindən və özəl investisiyaların real həcmindən asılı olacaq".

Fərid Cəfərovun qənaətinə görə, Qarabağ və Şərqi Zəngəzurda daşınmaz əmlak bazarının gələcək inkişafı torpaqların real iqtisadi dövriyyəyə cəlb edilməsindən və əlverişli investisiya mühitinin yaradılmasından asılı olacaq:

"Yekun olaraq hesab edirəm ki, Qarabağ və Şərqi Zəngəzurun ən böyük iqtisadi sərvəti təkcə torpaq resursları deyil, həmin torpaqların üzərində yaradılacaq davamlı iqtisadi fəaliyyətdir. Bu regionlarda daşınmaz əmlak bazarının gələcəyi süni qiymət artımı ilə deyil, real iqtisadi dəyərin, hüquqi təminatın və investisiya mühitinin formalaşması ilə müəyyən olunacaq".

Günay İlqarqızı

Material Media və Yayım Şurasının maliyyə dəstəyi ilə hazırlanmışdır.