
ABŞ prezidentinin illik rəsmi əməkhaqqı 400 min dollar təşkil edir. Bununla yanaşı, dövlət başçısı vəzifə səlahiyyətlərini yerinə yetirdiyi müddətdə əlavə maliyyə imkanlarından, nəqliyyat və tibbi xidmətlərdən də yararlanır. Keçmiş prezidentlər isə vəzifədən ayrıldıqdan sonra pensiya və müəyyən təminatlar alırlar.
Qaynarinfo xəbər verir ki, bu barədə “HowStuffWorks” portalı məlumat yayıb.
ABŞ qanunvericiliyinə əsasən, prezidentin illik maaşı vergilər tutulmamış 400 min dollardır. Məbləğ birdəfəlik deyil, aylıq hissələrlə ödənilir və federal gəlir vergisinə cəlb olunur.
Prezidentin əməkhaqqının artırılması Konqresin razılığını tələb edir. Lakin Konstitusiyaya görə, dövlət başçısının maaşı səlahiyyət müddəti ərzində dəyişdirilə bilməz. Həmçinin prezident həmin dövrdə federal hökumətdən və ya ayrı-ayrı ştatlardan əlavə mükafat ala bilməz.
Məlumata görə, ABŞ vitse-prezidentinin 2026-cı il üçün nəzərdə tutulan illik maaşı 292 300 dollar olsa da, Konqres üzvlərinin əməkhaqqının dondurulması səbəbindən faktiki ödəniş 235 100 dollar səviyyəsində qalıb.
Prezidentin əlavə təminatları
Prezidentin maaşından başqa, xidməti vəzifələrinin icrası ilə bağlı xərclər üçün ildə 50 min dollar ayrılır. Bu vəsait şəxsi gəlir hesab edilmir və istifadə olunmayan hissəsi ABŞ Xəzinədarlığına qaytarılır.
Bundan əlavə, qanunvericilik prezidentin səfərləri üçün ildə 100 min dollara qədər vəsait ayrılmasına imkan verir. 2026-cı maliyyə ili üzrə Ağ Evin rəsmi qəbulları və təmsilçilik xərcləri üçün isə 19 min dollarlıq limit müəyyən edilib.
Dövlət başçısının nəqliyyat və tibbi təminatı da müvafiq dövlət qurumları və Ağ Evin əməkdaşları tərəfindən həyata keçirilir.
Keçmiş prezidentlərə nə qədər pensiya verilir?
1958-ci ildə qəbul edilmiş Keçmiş Prezidentlər haqqında qanun vəzifə müddəti başa çatan dövlət başçılarına federal pensiya almaq hüququ verir.
Pensiyanın məbləği icra hakimiyyətində nazirin illik əsas əməkhaqqına bərabər tutulur. Keçmiş prezidentlərə bununla yanaşı, ofis saxlanılması və əməkdaşların fəaliyyətinin təmin edilməsi üçün də müəyyən vəsait ayrılır.
Onların təhlükəsizliyi isə ABŞ Məxfi Xidməti tərəfindən qorunur. Bu mühafizə xidməti keçmiş prezidentlərə ömürlük təqdim edilə bilər.
Aydın