Xəbər lenti

İstanbul reysindən düşürülən şəxsin şikayəti təmin edildi -  Gömrükçülərin hərəkəti qanunsuz sayıldı
Ölkə14:23 27.11.2026

İstanbul reysindən düşürülən şəxsin şikayəti təmin edildi - Gömrükçülərin hərəkəti qanunsuz sayıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda gömrük əməkdaşları tərəfindən təyyarədən endirilərək iki mobil telefonu götürülən İlkin Heydərlinin hüquqları məhkəmə tərəfindən bərpa edilib.

Qaynarinfo-nun məlumatına görə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi onun ölkədən çıxışına mane olunmasını və “Honor X9c” və “iPhone 15” markalı telefonlarının götürülməsini qanunsuz hesab edib.

İş materiallarına görə, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində şirkətə idxal edilmiş 21 min kiloqram dondurulmuş toyuq filesinin gömrük sərhədindən düzgün bəyan edilmədən keçirilməsi faktı üzrə cinayət işi başlanıb. İş Cinayət Məcəlləsinin 206.1-1-ci maddəsi ilə araşdırılıb.

Həmin vaxt cinayət işi üzrə şahid statusunda olan İlkin Heydərli İstanbul istiqamətində uçuşa hazırlaşıb. O, qeydiyyatdan və sərhəd nəzarətindən keçərək təyyarəyə minsə də, gömrük əməkdaşları tərəfindən təyyarədən endirilib və Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinə aparılıb. Bu zaman ona məxsus “Honor X9c” və “iPhone 15” markalı telefonlar da götürülüb.

İlkin Heydərli bildirib ki, müstəntiq Zəka Rüstəmli onu həbs olunacağı ilə hədələyərək telefonları könüllü təqdim etməsi barədə ərizə yazmağa məcbur edib. Onun sözlərinə görə, təxminən 8 saat saxlanılıb, ailə üzvləri və hüquqşünası ilə əlaqə saxlamasına imkan verilməyib. O, baş verənlərlə bağlı Baş Prokurorluğun “961” çağrı mərkəzinə də məlumat verib.

Gömrük orqanının nümayəndəsi isə məhkəmədə fərqli mövqe sərgiləyib. O bildirib ki, İlkin Heydərli istintaqdan yayındığı üçün barəsində sistemə “izlə” statusu daxil edilib, lakin ölkədən çıxışına məhdudiyyət qoyulmayıb. Telefonların isə onun öz ərizəsi əsasında könüllü təqdim edildiyini iddia edib.

Məhkəmə araşdırması zamanı Dövlət Sərhəd Xidmətinin məktubu da təqdim edilib. Həmin sənəddə İlkin Heydərlinin Bakı-İstanbul reysi ilə ölkədən getmək istəyərkən gömrük əməkdaşlarının müdaxiləsi nəticəsində reysə buraxılmadığı və sərhəddən geri qaytarıldığı təsdiqlənib.

Məhkəmə hesab edib ki, İlkin Heydərlinin ölkədən çıxışına faktiki olaraq mane olunub, telefonları isə hava limanında, Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinə aparılmamışdan əvvəl əlindən alınıb. Buna görə də telefonların sonradan “könüllü təqdimetmə” adı altında rəsmiləşdirilməsi onların götürülməsinin faktiki vaxtını və yerini dəyişmir.

Qərarda vurğulanıb ki, mobil telefonların götürülməsi üçün, bir qayda olaraq, məhkəmə qərarı tələb olunur. İstisna olaraq, məhkəmə qərarı olmadan təxirəsalınmaz götürmə yalnız şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətlərlə bağlı mümkündür. Araşdırılan qaçaqmalçılıq işi isə iqtisadi fəaliyyət sahəsində cinayət hesab edildiyindən həmin istisna bu hala şamil edilə bilməz.

Məhkəmə həmçinin telefonların könüllü təqdim edilməsi barədə ərizənin təzyiq altında yazıldığı qənaətinə gəlib. Bildirilib ki, şəxs saxlanıldığı və ölkədən getməsinə imkan verilmədiyi şəraitdə əşyaların təqdim edilməsini azad iradə ifadəsi hesab etmək olmaz.

Nəticədə məhkəmə İlkin Heydərlinin şikayətini qismən təmin edib. Onun hava limanında saxlanılaraq gömrük idarəsinə aparılması və iki mobil telefonunun götürülməsi qanunsuz hesab olunub. Telefonların sahibinə qaytarılması barədə qərar qəbul edilib.

Bundan başqa, İlkin Heydərli şahid statusunda olduğu müddətdə onun ölkədən getmək hüququna gələcəkdə məhdudiyyət qoyulması qadağan edilib. Bununla belə, məhkəmə onun barəsində sistemdə “Saxla” və ya “Qadağandır” statusu olmadığı üçün çıxış məhdudiyyətinin götürülməsi barədə tələbini təmin etməyib.

Qeyd edək ki, məhkəmə qərarında İlkin Heydərlinin sonradan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyi və barəsində həbs qətimkan tədbiri seçildiyi də göstərilib.

Aydın