Xəbər lenti

"TikTok"da telefon satışı adı ilə dörd nəfəri aldadıb pullarını qumara qoydu – Cəzalandırıldı
Ölkə15:01 27.11.2026

"TikTok"da telefon satışı adı ilə dörd nəfəri aldadıb pullarını qumara qoydu – Cəzalandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“TikTok”da mobil telefon satışı adı ilə dörd nəfərdən beh alaraq onları aldadan gənc 240 saat ictimai işlərə məhkum edilib.

Qaynarinfo-nun məlumatına görə, 2004-cü ildə Bakı şəhərində anadan olmuş, Beyləqan rayonunun Birinci Şahsevən kəndində yaşayan şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib.

İş materiallarına görə, o, “TikTok” sosial şəbəkəsində mobil telefon satışı ilə bağlı elanlar yerləşdirib. Elanlarla maraqlanan şəxslərə telefon göndərəcəyini vəd edərək ilkin ödəniş adı ilə onlardan pul alıb. Lakin ödənişlərdən sonra əlaqəni kəsərək vəd etdiyi telefonları göndərməyib.

Araşdırma zamanı məlum olub ki, zərərçəkmişlərdən biri “iPhone 16 Pro” almaq istəyib. Telefonun qiymətinin 2 100 manat olduğu bildirilib və satıcı ilkin ödəniş kimi 150 manat tələb edib. Alıcı pulu “Kapital Bank” kartına köçürdükdən sonra qarşı tərəf zənglərə və mesajlara cavab verməyib.

Digər üç nəfər də oxşar üsulla aldadılıb. Onlardan biri 100 manat, ikisi isə 150 manat beh göndərib. Beləliklə, dörd nəfərdən ümumilikdə 550 manat pul alınıb.

Polis araşdırması zamanı gənc törətdiyi əməli etiraf edib. O bildirib ki, telefon satmaq adı ilə Zülfiqar, Təvəkkül və Rəşaddan 150 manat, Savalandan isə 100 manat alıb. Həmin pulları qumar saytlarında xərcləyib.

İş üzrə toplanmış materiallarda cinayət işinin başlanmasının rədd edildiyi, əməldə cinayət məsuliyyəti yaradan məbləğ müəyyən olunmadığı üçün məsələyə inzibati qaydada baxıldığı qeyd edilib.

Məhkəmə onun əməlini dələduzluq yolu ilə xırda talama kimi qiymətləndirib. Gəncin əməlini etiraf etməsi və peşman olması yüngülləşdirici hal kimi nəzərə alınıb. Nəticədə barəsində inzibati həbs əvəzinə 240 saat ictimai işlər növündə tənbeh tətbiq edilib.

Qərara əsasən, o, ictimai işləri yerinə yetirərkən elektron nəzarət vasitəsi gəzdirməli və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasını təmin etməlidir. Qərarın icrası Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunub.

Aydın