Xəbər lenti

Elektromobillərin sayı 38 faiz artıb: Enerji doldurma infrastrukturu tələbatı qarşılayırmı?
Ekonomiks16:30 27.11.2026

Elektromobillərin sayı 38 faiz artıb: Enerji doldurma infrastrukturu tələbatı qarşılayırmı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda elektrik avtomobillərinin sayının bir il ərzində 38,3 faiz artıb. Bu isə ölkədə nəqliyyat vasitələrinə marağın yüksəldiyini göstərir. Elektromobillərin sayının artması isə enerji doldurma məntəqələrinə tələbatı artırır. Xüsusilə Bakı ilə regionlar arasında doldurma məntəqələrinin sayı və əlçatanlığı fərqlənir.

Hazırda ölkədəki enerji doldurma məntəqələri artan tələbatı qarşılamaq üçün kifayət edirmi? Regionlarda infrastrukturun inkişafı üçün hansı addımlar atılmalıdır?

Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, elektrik avtomobillərinin sayının artması müsbət tendensiyadır və yaxın gələcəkdə bu göstəricinin daha da yüksələcəyi gözlənilir:

"Elektrik avtomobillərinin sayının 38 faiz artması yaxşı göstəricidir. Yaxın zamanlarda bu göstəricinin daha da artacağı gözlənilir. Elektrik doldurma sistemlərinin sayının artırılmasına gəldikdə isə burada əsas məsələ həmin infrastrukturu hansı imkanlar hesabına genişləndirə biləcəyimizdir. Məsələn, bölgələrdə enerji doldurma məntəqələrinin sayını artırmaqla həm elektrik avtomobillərinin regionlara səfərini asanlaşdırmaq, həm də orada yaşayan əhalini bu nəqliyyat vasitələrindən istifadəyə təşviq etmək mümkündür".

Ekspertin sözlərinə görə, enerji doldurma infrastrukturunun inkişafı yalnız yeni məntəqələrin tikilməsi ilə məhdudlaşmamalı, fərdi istifadəçilər üçün də daha əlçatan imkanlar yaradılmalıdır:

"Paytaxtda mövcud olan enerji doldurma sistemlərinin daha sadə və əlçatan variantları da olmalıdır. Bəzən sakinlər özləri adapter və texniki avadanlıqlar vasitəsilə həyətlərində, binalarda və evlərində enerji doldurma qurğusu quraşdırmaq istəyirlər. Bunun üçün müvafiq texniki imkanlar və avadanlıqlar əlçatan olmalıdır. Çünki hər dəfə böyük xərc tələb edən enerji doldurma məntəqəsinin tikilməsi, bunun üçün icazələrin alınması vacib deyil. Daha sadə və rahat avadanlıqların mövcudluğu vətəndaşları məmnun edə bilər".

Aslan Əsədov regionlarda vəziyyətin daha problemli olduğunu bildirib. Onun fikrincə, bölgələrdə enerji doldurma infrastrukturunun zəif inkişaf etməsinin səbəblərindən biri də elektromobillərin sayının az olmasıdır:

"Bölgələrə gəldikdə isə demək olar ki, bu tip avadanlıqlar orada kifayət qədər inkişaf etməyib. Bunun səbəblərindən biri elektrik avtomobillərinin regionlarda sayının az olmasıdır. Rayonlara gedən avtomobillər arasında da elektromobillərin sayı çox deyil. Bu isə sahibkarların həmin sahəyə marağını azalda bilər. Çünki onlar belə məntəqələrin yaradılmasını kifayət qədər gəlirli fəaliyyət sahəsi hesab etməyə bilərlər".

Ekspert inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin təcrübəsinə də diqqət çəkib. Bildirib ki, enerji doldurma prosesinin sadələşdirilməsi və avtomatlaşdırılması elektromobillərdən istifadənin genişlənməsinə kömək edə bilər:

"İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə bu sistemlər avtomatlaşdırılmış və sadələşdirilmiş mərkəzlər vasitəsilə həyata keçirilir. Artıq enerji doldurma sistemlərinin müəyyən texniki bazası formalaşıb. Avtomobil sahibi harada olmasından asılı olmayaraq, uyğun avadanlıq vasitəsilə avtomobilini enerji ilə təmin edə bilməlidir. Hətta bəzi hallarda generatorlardan da istifadə etmək mümkündür. Bunun üçün vətəndaşa ciddi problem və maneələr yaradılmamalıdır".

Aslan Əsədov əlavə edib ki, bəzi elektromobil sahibləri səfərlər zamanı enerji doldurma problemi ilə üzləşməmək üçün müvafiq avadanlıqları özləri ilə daşımağa üstünlük verirlər:

"Vətəndaşlar elektrik avtomobili alarkən enerji doldurma avadanlıqlarını da əldə etməyə maraq göstərirlər. Onlar həmin qurğuları özləri ilə daşıyırlar, ehtiyac yarandıqda yaşadıqları evdə, getdikləri bölgədə və ya istirahət etdikləri məkanda istifadə edirlər. Beləliklə, enerji doldurma sistemindən asılılığı müəyyən qədər azaldırlar. Sadə desək, avtomobilin enerji doldurulması üçün lazım olan adapteri özləri ilə gəzdirirlər. Bu da onlar üçün daha əlverişli və rahat variantdır".

Günay İlqarqızı