
ABŞ-ın Nyu-Meksiko ştatında hamilə məhbus həkim müayinəsindən sonra həbsxanaya qaytarılarkən nəqliyyat vasitəsini ələ keçirərək qaçıb.
Qaynarinfo xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Məlumata görə, 26 yaşlı Rebekka Teylor hamiləliyi ilə əlaqədar həkim qəbuluna aparılıb. O, həbsxanaya qayıdarkən mühafizəçilərin yemək almaq üçün dayanmasından istifadə edərək avtomobilin idarəetməsini ələ keçirib və hadisə yerindən uzaqlaşıb.
Nyu-Meksiko Ştatının Cəzaçəkmə Müəssisələri İdarəsi sosial şəbəkədə yaydığı açıqlamada avtomobilin və məhbus geyiminin sonradan tapıldığını, lakin Teylorun hələ də axtarışda olduğunu bildirib.
Qeyd olunub ki, o, bir neçə oğurluq və yaşayış evinə qanunsuz daxilolma ittihamı ilə həbsdə saxlanılır. Onun tapılması üçün genişmiqyaslı axtarış tədbirlərinə başlanılıb.
Yerli medianın məlumatına əsasən, hamiləliyinin son mərhələsində olduğu üçün Teylor nəqliyyat vasitəsində olarkən qandallanmayıb. Bu hal onun qaçışını asanlaşdıran amillərdən biri kimi qiymətləndirilir.
Aydın