
Bakıda fəaliyyət göstərən turizm şirkəti işçini əmək müqaviləsi bağlamadan işə cəlb etdiyinə görə 20 min manat, direktoru isə 3 min manat cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, söhbət Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 1 ünvanında qeydiyyatda olan “BAKU TRAVEL 2017” MMC-dən gedir. Şirkətin direktoru Vahid Zərgərov Əsgərxan oğludur.
İş materiallarına əsasən, Haqverdiyev İmran Rizvan oğlu 2026-cı ilin fevral-mart aylarında şirkətdə qrafik dizayner kimi fəaliyyət göstərib. Onunla əmək müqaviləsi bağlanmayıb və müqavilə elektron informasiya sistemində qeydə alınmayıb.
Haqverdiyev İmran Rizvan oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə müraciət edərək şirkətdə aylıq 700 manat əməkhaqqı ilə işlədiyini, lakin əmək münasibətlərinin rəsmiləşdirilmədiyini bildirib. O, işdən ayrıldıqdan sonra ona ödənilməli olan məbləğin 161 manatının verilmədiyini də qeyd edib.
Şirkətin nümayəndəsi isə məhkəmədə Haqverdiyevlə əmək deyil, mülki hüquq münasibətlərinin yarandığını iddia edib. Bildirilib ki, o, qrafik dizayn xidmətləri göstərib, lakin hazırladığı materiallar rəhbərliyi qane etmədiyindən əməkdaşlığa son qoyulub. Müdafiə tərəfi həmçinin əmək münasibətlərini təsdiqləyən yetərli sübutların olmadığını vurğulayıb.
Məhkəmə isə “WhatsApp” yazışmalarını və digər sübutları araşdıraraq fərqli qənaətə gəlib. Müəyyən edilib ki, Haqverdiyevə mütəmadi tapşırıqlar verilib, onun işə davamiyyəti və iş vaxtından istifadəsi nəzarətdə saxlanılıb. Hətta qrafik dizayn işlərini yerinə yetirməsi üçün şirkət tərəfindən 3 min manat dəyərində kompüter alınıb.
Məhkəmə hesab edib ki, bu hallar tərəflər arasında sadəcə xidmət göstərilməsi ilə bağlı mülki münasibətlərin deyil, faktiki əmək münasibətlərinin mövcudluğunu göstərir. Haqverdiyevin sonradan şirkətə qarşı şikayət və tələbinin qalmadığını bildirməsi də inzibati məsuliyyəti aradan qaldırmır.
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə “BAKU TRAVEL 2017” MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20 min manat, şirkətin direktoru Vahid Zərgərov isə 3 min manat cərimələnib.
Qeyd edək ki, “BAKU TRAVEL 2017” MMC-nin nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Zərgərov Vahid Əsgərxan oğludur.
Aydın