Xəbər lenti

Gicitkənli yumurta bir qadının həyatına son qoydu- Professor Adil Qeybulladan açıqlama
Ölkə19:00 27.11.2026

Gicitkənli yumurta bir qadının həyatına son qoydu- Professor Adil Qeybulladan açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin Mersin vilayətində gicitkənlə hazırlanmış yumurta yeyən qadınlardan biri həyatını itirib, digəri isə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, zeytun yığımı zamanı 55 yaşlı Durdane Oğmaç və onun 53 yaşlı əmisi qızı Nuran Oğmaç birlikdə hazırladıqları gicitkənli yumurtadan yeyiblər. Bir müddət sonra hər iki qadının səhhətində problem yaranıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları Durdane Oğmaçın həyatını xilas edə bilməyiblər. Vəziyyəti ağırlaşan Nuran Oğmaç isə xəstəxanaya çatdırılıb.

Son iki gündə bu xəbər sosial şəbəkələrdə, xüsusilə də gicitkənli yumurtanı sevənlər arasında geniş müzakirələrə səbəb olub. Bu yeməyi yeyənlərin bir çoxu narahatlıq keçirdiklərini, hətta həkimlərlə məsləhətləşdiklərini bildiriblər.

Məsələ ilə bağlı professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında bildirib ki, hadisə hərtərəfli araşdırılmadan qadının ölüm səbəbi barədə konkret fikir söyləmək mümkün deyil.

“Bilirsiniz, bu məsələ hələlik ümumi məlumat kimi yayılıb. Ölümün birbaşa səbəbi isə araşdırılmayıb. Əlbəttə, məhkəmə-tibbi ekspertizanın rəyi olsa, konkret danışa bilərik. Ola bilər ki, yeməyə hansısa zəhərli bitki qarışıb. Əslində, nə gicitkən, nə də yumurta birbaşa ölümə səbəb ola bilər”, – professor bildirib.

Adil Qeybulla gicitkənin allergik və hətta anafilaktik reaksiyaya səbəb ola biləcəyini də istisna etməyib:

“Amma hələlik bunun bu şəkildə ölümə səbəb olması real görünmür”.

Bahar Rüstəmli