
Britaniyalı həkim Ceff Foster sağlamlığa ən çox müsbət təsir göstərən gündəlik vərdişi açıqlayıb. Onun fikrincə, bunun üçün nə idmanla məşğul olmaq, nə də xüsusi pəhriz saxlamaq lazımdır. Ən vacib məsələ hər gün eyni vaxtda oyanmaqdır.
Qaynarinfo xəbər verir ki, bu barədə “Express” nəşri məlumat yayıb.
Həkim sosial şəbəkə hesabında sağlamlıq üçün faydalı gündəlik vərdişlərin reytinqini təqdim edib. Siyahının ilk pilləsinə hər gün eyni saatda yuxudan oyanmağı yerləşdirən Foster müntəzəm yuxu rejiminin orqanizm üçün əhəmiyyətini vurğulayıb.
O, gündə 7-8 saat yatmağı və səhər günəş işığında vaxt keçirməyi də yüksək qiymətləndirib. Həkimin reytinqində kreatin qəbulu isə ikinci yerdə qərarlaşıb.
Eyni vaxtda oyanmaq niyə vacibdir?
Yuxu fizioloqu Stefani Romişevskaya da sağlam yuxu üçün hər gün eyni vaxtda oyanmağın vacibliyini qeyd edib. Onun sözlərinə görə, insanlar adətən yatmaq saatını sabitləşdirməyə daha çox diqqət yetirirlər, halbuki yuxu rejiminin formalaşmasında əsas amillərdən biri səhər oyanma vaxtıdır.
Mütəxəssis bildirib ki, səhər eyni vaxtda oyanmaq orqanizmdə yuxuya olan təbii tələbatın formalaşmasına kömək edir. İnsan gün ərzində nə qədər çox oyaq qalırsa, yuxu ehtiyacı da bir o qədər artır.
2024-cü ildə hazırlanan tibbi hesabatda da sirkadiyalı ritmlərin və düzgün yuxu rejiminin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, keyfiyyətli yuxu orqanizmin bərpasına, immun sisteminin güclənməsinə və maddələr mübadiləsinin tənzimlənməsinə kömək edir. Eyni zamanda, koqnitiv və emosional funksiyaların qorunmasında mühüm rol oynayır.
Kreatin də sağlamlıq üçün faydalı hesab edilir
Həkimin reytinqində ikinci yerdə olan kreatin də mütəxəssislərin diqqətini çəkən maddələrdəndir. Araşdırmalara əsasən, bu maddə əzələ kütləsinin inkişafına kömək edir, yaş artdıqca əzələlərin zəifləməsinin qarşısını almaqda rol oynaya və bəzi koqnitiv funksiyalara müsbət təsir göstərə bilər.
Kreatin amin turşularından əmələ gəlir və orqanizmdə böyrəklər, qaraciyər və mədəaltı vəzi tərəfindən sintez olunur. Onu ət və balıq məhsullarından, həmçinin qida əlavələri vasitəsilə əldə etmək mümkündür.
Ceff Fosterin sağlamlıq üçün ən vacib 10 gündəlik vərdiş üzrə reytinqi:
1. Hər gün eyni vaxtda oyanmaq;
2. Kreatin qəbulu;
3. Yeməkdən sonra gəzmək;
4. Səhər günəş işığında vaxt keçirmək;
5. Gündə 7-8 saat yatmaq;
6. Ağırlıq qaldırmaq;
7. Gündə 10 min addım atmaq;
8. Buz vannaları qəbul etmək;
9. Zülal normasına əməl etmək;
10. Müxtəlif qida əlavələrindən istifadə etmək.
Həkimin fikrincə, sağlam həyat tərzinə başlamaq üçün ilk növbədə yuxu rejimini qaydaya salmaq və hər gün eyni saatda oyanmaq vərdişi formalaşdırmaq lazımdır.
Aydın