
Ağ saçların tamamilə boyanması hər zaman arzuolunan nəticə vermir. Əksinə, saç dibindəki rəng fərqi artdıqca yeni çıxan ağ tellər daha tez nəzərə çarpır. Bərbər-stilist düzgün rəng və boyama texnikası seçməklə bu problemi azaltmağın mümkün olduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə “Purepeople” nəşri məlumat yayıb.
TeaCut salonunun direktoru, saç ustası Xose Migel Qalyardonun sözlərinə görə, ən çox yol verilən səhvlərdən biri saç köklərinin həddindən artıq intensiv boyanmasıdır. Təbii saç rəngi ilə boyanmış diblər arasındakı fərq nə qədər çox olarsa, saç uzandıqca sərhəd də bir o qədər aydın görünür.
Buna görə mütəxəssis saç köklərini mümkün qədər təbii rəngdə saxlamağı, onları həddindən artıq açmamağı tövsiyə edir. Bu üsul rəng keçidini yumşaldır və saçın daha uzun müddət baxımlı görünməsinə kömək edir.
Qalyardo hesab edir ki, ağ saçları tam örtmək əvəzinə, onların rəngini daha şəffaf şəkildə dəyişmək məqsədəuyğundur. Bunun üçün təbii saç rəngindən cəmi bir ton açıq çalarlardan istifadə etmək məsləhət görülür. Çünki ağ tellər nə qədər sıx piqmentlə örtülərsə, uzandıqdan sonra rəng fərqi bir o qədər nəzərə çarpır.
Mütəxəssis saçların 70 faizindən az hissəsi ağarıbsa, üzə yaxın ön hissədə çox incə açıq rəngli tellər əlavə etməyi məsləhət görür. Bunun üçün bütün saç uzunluğunu rəngləməyə ehtiyac yoxdur. Ağ saçların payı daha çox olduqda isə daha açıq rənglərə üstünlük vermək olar.
Saç uzunluğu boyunca melirovka və balayaj texnikalarından istifadə etmək də mümkündür. Lakin saç dibində ən azı bir santimetr uzunluğunda təbii rəngə yaxın sahənin saxlanılması vacibdir.
İlk ağ saçlar görünəndə nə etməli?
Saçlarında ilk ağ telləri görənlərə isə dərhal klassik melirovkaya müraciət etmək tövsiyə olunmur. Qalyardonun fikrincə, nazik və yarımşəffaf rəng keçidləri ağ tellərin digər saçlarla daha təbii qarışmasına imkan verir.
Alternativ variantlardan biri də “ton-ton” boyamadır. Bu zaman təbii saç rənginə uyğun və ya ondan bir qədər açıq çalar seçilərək boya yalnız ağarmış hissələrə çəkilir və fırça ilə diqqətlə yayılır.
Saç ustası, həmçinin ammonyaksız və digər qələvi əvəzedicilərdən istifadə edilməyən boyalara üstünlük verməyi məsləhət görür. Onun sözlərinə görə, ammonyak arzuolunmaz narıncı çalarların yaranmasına səbəb ola bilər. Daha yumşaq boyama saçın daxili qatına təsiri azaltmağa və təbii piqment olan melaninin həddindən artıq oksidləşməsinin qarşısını almağa kömək edir.
Aydın