Xəbər lenti

Azadlıq heykəli niyə yaşıldır və nədən hazırlanıb? - Mis, dəmir və daha çoxu
Dünya13:46 28.11.2026

Azadlıq heykəli niyə yaşıldır və nədən hazırlanıb? - Mis, dəmir və daha çoxu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Nyu-York şəhərində yerləşən Azadlıq heykəlinin yaşıl rəngdə olması təsadüfi deyil. Maraqlıdır ki, bu məşhur abidə əvvəlcə indiki rəngdə olmayıb və onu heç kim yaşıl rəngə boyamayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə “HowStuffWorks” məlumat yayıb.

Heykəltəraş Frederik Ogüst Bartoldi tərəfindən layihələndirilən abidə bütöv metal konstruksiyadan ibarət deyil. Onun daxilində boşluq var, xarici hissəsi isə polad karkasa bərkidilmiş nazik mis lövhələrdən hazırlanıb. Mis örtüyün qalınlığı təxminən 2,4 millimetrdir.

Heykəlin daxili dayaq sistemini mühəndis Qüstav Eyfel layihələndirib. Konstruksiya temperatur dəyişiklikləri zamanı metalın genişlənib-daralmasına, eləcə də küləyin təsirinə uyğun hərəkət etməsinə imkan verir.

Abidə ilk hazırlandığı vaxt qırmızımtıl-qəhvəyi rəngdə olub. Bu, təmiz misin təbii rəngidir. Lakin zaman keçdikcə mis oksidləşərək səthində patina adlanan yaşıl təbəqə yaradıb. Əsasən mis birləşmələrindən, o cümlədən sulfatlardan ibarət olan bu örtük boya deyil. Əksinə, metalı sonrakı korroziyadan qorumağa kömək edir.

Nəşrin məlumatına görə, heykəlin daxili dəmir elementləri rütubət və limanın duzlu havası səbəbindən zədələnməyə başlayıb. Buna görə də 1980-ci illərdə aparılan genişmiqyaslı bərpa işləri zamanı orijinal dəmir çubuqların demək olar ki, hamısı paslanmayan poladla əvəzlənib. Müxtəlif metalların birbaşa təmasının qarşısını almaq üçün isə teflon lentdən istifadə olunub.

Həmin bərpa zamanı heykəlin məşəli də yenilənib. Onun mis əsası 24 əyarlı qızıl yarpaqla örtülüb. Bu səbəbdən məşəlin yuxarı hissəsi hazırda qızılı rəngdə parlayır.

Beləliklə, Azadlıq heykəlinin yaşıl görünüşü xüsusi boya və ya dizayn seçimi deyil, misin uzun illər ərzində təbii oksidləşməsinin nəticəsidir.

Aydın