
İnsan orqanizmində xərçəngə ən az rast gəlinən orqanlardan biri olan ürəyin bu xəstəliyə qarşı müdafiə mexanizmi ilə bağlı yeni elmi nəticələr əldə edilib. Araşdırmalar göstərib ki, ürəyin fasiləsiz işləməsi və yaratdığı mexaniki təzyiq xərçəng hüceyrələrinin çoxalmasına mane ola bilər.
Qaynarinfo xəbər verir ki, İtaliyanın Trieste Universitetinin alimləri ürək toxumasının xərçəng hüceyrələri üçün niyə əlverişsiz mühit yaratdığını araşdırıblar.
Məlum olub ki, ürəyin gündə təxminən 100 min dəfə yığılıb-açılması zamanı yaranan mexaniki qüvvələr şiş hüceyrələrinin inkişafını məhdudlaşdırır. Bundan başqa, ürək əzələsi hüceyrələrinin digər toxumalardan fərqli olaraq, yetkinlik dövründə çox az bölünməsi də bu orqanda ilkin şişlərin nadir görülməsinin səbəblərindən biri hesab olunur.
Tədqiqatçılar nəzəriyyəni laboratoriya heyvanları üzərində sınaqdan keçiriblər. Ürək döyüntüləri genetik müdaxilə ilə zəiflədilmiş heyvanlara insan xərçəng hüceyrələri yeridilib. Nəticələr göstərib ki, ürəyin mexaniki fəaliyyəti azaldıqda xərçəng hüceyrələri daha sürətlə çoxalmağa başlayıb. Normal ürək fəaliyyəti zamanı isə həmin hüceyrələrin inkişafı əngəllənib.
"Science" jurnalında dərc olunan araşdırmada bu prosesdə Nesprin-2 adlı zülalın mühüm rol oynadığı müəyyən edilib. Ürəyin yığılma hərəkəti nəticəsində aktivləşən bu mexanizm hüceyrənin nüvəsinə siqnal göndərərək onun bölünməsini dayandırmağa kömək edir.
Araşdırmaya rəhbərlik edən molekulyar biologiya professoru Serena Zacchigna ürəyin davamlı mexaniki fəaliyyətinin şiş hüceyrələrinin inkişafı üçün əlverişsiz şərait yaratdığını vurğulayıb.
Xərçəng müalicəsində yeni yanaşma
Alimlər əldə olunan nəticələrin gələcəkdə xərçəng müalicəsində yeni üsulların hazırlanmasına kömək edə biləcəyini düşünürlər.
Trieste Universitetinin komandası hazırda dəri və süd vəzi xərçəngi kimi xəstəliklərdə şişlərin inkişafını mexaniki təzyiq vasitəsilə zəiflədə biləcək tibbi cihazlar üzərində işləyir.
İrlandiyanın Galway Universitetində aparılan başqa bir araşdırmada da xarici təzyiqin xərçəng hüceyrələrinin bölünməsinə təsiri öyrənilib. Nəticələr göstərib ki, müəyyən şəraitdə sıxılma hüceyrələrin bölünməsi üçün zəruri olan suyun hərəkətini məhdudlaşdıraraq onların çoxalmasını ləngidə bilər.
Bununla belə, mütəxəssislər xəbərdarlıq edirlər ki, mexaniki təzyiq bütün xərçəng növlərinə eyni təsir göstərmir. Bəzi hallarda şişin sıxılması xəstəliyin yayılmasını sürətləndirə bilər.
Bu səbəbdən tədqiqatçılar gələcəkdə xarici təzyiq tətbiq etmək əvəzinə, xərçəng hüceyrələrində müdafiə zülallarını aktivləşdirən dərmanların hazırlanmasını daha təhlükəsiz yanaşma hesab edirlər.
Qeyd edək ki, bu nəticələr hələ eksperimental tədqiqatlara əsaslanır və yeni yanaşmanın insanlar üzərində effektivliyi klinik sınaqlarla təsdiqlənməlidir.
Aydın