
Kosmosda baş verəcək bir nüvə partlayışı təkcə yaxınlıqdakı peykləri məhv etməklə kifayətlənməyə bilər. Yeni araşdırmaya görə, partlayış nəticəsində yaranan yüksək enerjili elektronlar Yer ətrafında süni radiasiya qurşağı formalaşdıraraq minlərlə peykin fəaliyyətini illərlə təhlükə altında saxlaya bilər.
Qaynarinfo xəbər verir ki, Viskonsin-Medison Universitetinin tələbəsi Zakari Petersenin rəhbərlik etdiyi tədqiqat qrupu 1960-cı illərdə aparılmış nüvə sınaqlarının məlumatlarını yenidən təhlil edərək bu qənaətə gəlib.
Hələ elmi ekspertizadan keçməyən araşdırmanın nəticələrinə əsasən, kosmosda nüvə silahından istifadə indiyədək hesab ediləndən daha ağır nəticələrə səbəb ola bilər.
Mütəxəssislər bildirirlər ki, Yerətrafı orbitdə nüvə partlayışının yaratdığı əsas təhlükələrdən biri yüksək enerjili elektronların planetin maqnit sahəsinin təsiri altında toplanmasıdır. Bu hissəciklər süni radiasiya qurşağı yaradaraq peyklərin elektron sistemlərini sıradan çıxara bilər.
Peyklərin 98 faizi bir həftəyə sıradan çıxa bilər
Araşdırmaçılar hesablayıblar ki, müəyyən şərtlər daxilində aşağı Yer orbitində fəaliyyət göstərən peyklərin təxminən 98 faizi bir həftə ərzində işlək vəziyyətini itirə bilər. Hazırda bu orbitdə təxminən 13 min peyk mövcuddur.
Bu təhlükənin real əsasları da var. 1962-ci ildə Sakit okean üzərində həyata keçirilən “Starfish Prime” nüvə sınağı zamanı yaranan yüksək enerjili elektronlar həmin dövrdə orbitdə olan peyklər üçün uzun müddət təhlükə yaradıb.
Yeni araşdırmada qeyd olunur ki, nüvə partlayışının gücü, baş verdiyi hündürlük, yeri və Yer maqnit sahəsinin xüsusiyyətləri nəticələrin miqyasına ciddi təsir göstərir. Bəzi ssenarilərdə hissəciklərin atmosferə çataraq böyük zərər yaratmadan yox olması da mümkündür.
Peykləri qorumaq da problemi həll etməyə bilər
Kosmik aparatları radiasiyadan qorumaq üçün xüsusi örtüklərdən və daha davamlı materiallardan istifadə olunur. Lakin tədqiqatçıların hesablamalarına görə, peyklərin radiasiyaya davamlılığının üç dəfə artırılması belə fəlakətin qarşısını almağa kifayət etməyə bilər.
Bu ssenaridə belə peyklərin təxminən 97 faizinin iki həftə ərzində fəaliyyətini dayandıracağı proqnozlaşdırılır.
Digər təhlükə isə sıradan çıxmış peyklərin idarəolunmaz vəziyyətə düşməsidir. Manevr etmək imkanını itirən aparatların orbitdə toqquşma ehtimalı artır. Bu isə Kessler sindromu adlanan zəncirvari toqquşma prosesini sürətləndirə bilər.
Beləliklə, radiasiyadan sağ çıxan peyklər də yüksək sürətlə hərəkət edən kosmik tullantıların hədəfinə çevrilə bilər.
Tədqiqatçılar süni radiasiya qurşağının təsirinin aradan qalxmasının 10 ilə qədər vaxt apara biləcəyini bildirirlər. Bu müddətdə orbitə göndərilən yeni peyklər də eyni təhlükə ilə üzləşə bilər. Nisbətən yüksək hündürlükdə yerləşən geostasionar orbitdəki peyklərin isə daha az risk altında olacağı gözlənilir.
Kosmosda nüvə silahı təhlükəsi yenidən gündəmdə
Araşdırma kosmosun hərbiləşdirilməsi ilə bağlı beynəlxalq narahatlıqların artdığı bir vaxta təsadüf edir.
Xatırladaq ki, BMT-nin 1967-ci ildə qüvvəyə minmiş Kosmos haqqında Müqaviləsinin dördüncü maddəsi nüvə silahlarının və digər kütləvi qırğın silahlarının Yer orbitində və ya kosmosun başqa ərazilərində yerləşdirilməsini qadağan edir. Bununla belə, sənəd ənənəvi silahların kosmosa yerləşdirilməsini eyni şəkildə qadağan etmir.
Tədqiqat müəllifləri hesab edirlər ki, kosmosda nüvə silahından istifadə onu tətbiq edən ölkənin öz peyk infrastrukturuna da ağır zərbə vura bilər. Bununla yanaşı, qlobal rabitə, hava proqnozları və digər vacib xidmətlərin uzun müddət pozulması təhlükəsi mövcuddur.
Araşdırmanın ilkin versiyası "arXiv" platformasında dərc olunub.
Aydın