
“Sədərək” və “Binə” ticarət mərkəzlərinin “Abşeron” Ticarət Mərkəzinə köçürüləcəyi ilə bağlı məlumatlar yayılıb. Həmin məlumatlarda bildirilib ki, hər iki ticarət mərkəzinin yerində universitetlər kompleksi tikiləcək və böyük ali məktəblər eyni məkanda cəmləşəcək.
Ali məktəblərin eyni məkana köçürülməsi mümkündür?
Təhsil eksperti Sona Əliyeva Qaynarinfo-ya açıqlamasında bildirib ki, sözügedən yenilik şəhərdə tıxaclara və əhali sıxlığına da müəyyən qədər təsir göstərəcək:
“Bunu təqdir edirəm. Amma bütün universitetlərin bir sahəyə köçürüləcəyi ilə bağlı məlumatsızam. Bilmirəm, bu nə qədər real ola bilər. Çünki onların içərisində çox böyük universitetlər var. Ümumiyyətlə, bu məsələ doğru bir qərar olar. Çünki dünyanın bir çox yerlərində, elə qardaş Türkiyənin özündə də universitetlərin böyük əksəriyyəti şəhərin mərkəzində deyil. Şəhərin tam kənarı da olmasa, mərkəzdə yerləşmədiyi üçün tıxaca, əhali sıxlığına təsir göstərmir. Bu baxımdan da çox gözəl olardı”.

Ekspert Bakıda böyük universitetlərin hamısının şəhərin mərkəzində yerləşdiyini vurğulayıb:
“Bakı Dövlət Universiteti, İqtisad Universiteti, Slavyan Universiteti və s. Bu da tıxaca səbəb olur. Ümumiyyətlə, tələbələr bir yana, müəllimlər universitetin qarşısında maşın saxlamağa yer tapmır. Müəllim nə maaş alır ki, onun da parkinqə versin? Müəllimin aylıq maaşının yarıdan çoxu parkinqə gedir".
Sona Əliyeva deyir ki, illərdir bu barədə müzakirələr gedir:
“Amma bir addım yoxdur. Ən böyük, ən populyar universitetlərin hamısı şəhərin mərkəzindədir. Kaş ki, ali məktəblər kənara köçürülərdi. Kənara çıxartmasalar belə, ən azından şəhərin geniş ərazilərində, parkinqi böyük olan, gediş-gəlişə mane olmayan yerlərdə olmağı çox gözəl bir təşəbbüs olardı. Həm tələbə, həm müəllim, həm valideyn, həm də şəhər əhalisi üçün əla qərar olar”.
Bahar Rüstəmli