
Estoniya kibertəhlükəsizlik sahəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində böyük potensial görür.
Bu barədə "Report"a müsahibəsində Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Bakıya səfərinin yekunlarına dair bildirib.
"Estoniya kibertəhlükəsizlik, rəqəmsal identifikasiya həlləri, elektron idarəetmə və elektron təhsil kimi sahələrdə beynəlxalq səviyyədə tanınmış təcrübəyə malikdir. Məhz bu sahələrdə biz Azərbaycanla praktiki qarşılıqlı fəaliyyət üçün əhəmiyyətli potensial görürük", - Tsahkna deyib.
Onun sözlərinə görə, Estoniya və Azərbaycan arasında əlaqələrin inkişafı üçün ən perspektivli istiqamətlərdən biri rəqəmsal əməkdaşlıqdır.
"Hökumətlərarası komissiyanın bu yaxınlarda keçirilmiş iclası hər iki tərəfin informasiya-kommunikasiya texnologiyaları, rəqəmsal xidmətlər, süni intellekt və innovasiyalar sahəsində qarşılıqlı fəaliyyətin inkişafında dərin maraqlı olduğunu nümayiş etdirdi", - o bildirib.
XİN rəhbəri qeyd edib ki, bundan əvvəl Estoniyanın 12 İKT şirkəti ölkənin rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə görüş zamanı hazırda Azərbaycanda həyata keçirilən rəqəmsal transformasiya proseslərinə öz töhfəsini vermək barədə qəti niyyətlərini ifadə ediblər.
"Estoniyanın dünyada ən qabaqcıl rəqəmsal cəmiyyətlərdən biri kimi təcrübəsi belə bir əməkdaşlıq üçün möhkəm zəmin yaradır", - o vurğulayıb.
Tsahkna qeyd edib ki, Estoniyada səhiyyə və vergitutmadan tutmuş biznesin qeydiyyatı və səsverməyə qədər, demək olar ki, bütün dövlət xidmətləri onlayn rejimdə əlçatandır.
Eyni zamanda, onun sözlərinə görə, Bakı ilə Tallin arasındakı tərəfdaşlıq yalnız rəqəmsal qarşılıqlı fəaliyyətlə məhdudlaşmır.
"Nəqliyyat və logistika, "yaşıl texnologiya"lar, bərpa olunan enerji mənbələri, təhsil, innovasiyalar və ticarət kimi sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur. Azərbaycanın strateji mövqeyini və iqtisadi potensialını Estoniyanın rəqəmsallaşma və innovasiyalar sahəsindəki təcrübəsi ilə birləşdirərək, hər iki ölkə üçün faydalı olan yeni imkanlar yarada bilərik", - XİN rəhbəri vurğulayıb.