
Sakit okeanında, təxminən 10 900 metr dərinlikdə yerləşən Çellencer çökəkliyinin (Challenger Deep) niyə bu qədər dərin olduğu ilə bağlı yeni elmi araşdırma maraqlı nəticələr ortaya çıxarıb. Alimlər Mariana çökəkliyinin yamaclarında partlayıcı vulkanik fəaliyyətin izlərini aşkar ediblər. Bu kəşf Yer qabığındakı tektonik hərəkətlərin dünyanın ən dərin nöqtəsinin formalaşmasına təsirini izah edə bilər.
Qaynarinfo xəbər verir ki, Texas Universitetinin Dallas kampusundan olan alimlərin iştirak etdiyi tədqiqatın nəticələri “Frontiers in Earth Science” jurnalında dərc olunub.
Araşdırma zamanı Mariana çökəkliyinin yamaclarında vulkan püskürmələri nəticəsində yaranan piroklastik süxur təbəqələri aşkarlanıb. Bu tapıntı alimlər üçün gözlənilməz olub. Çünki belə böyük dərinlikdəki su təzyiqinin vulkanik qazların genişlənməsinə mane olduğu və partlayıcı püskürmələri çətinləşdirdiyi düşünülürdü.
Tədqiqatın aparıcı müəllifi, doktor Robert Stern bildirib ki, okean çökəkliklərinin yaxınlığında partlayıcı vulkanizm izlərinin aşkarlanması olduqca qeyri-adi hadisədir.
Dənizin dərinliklərində robot tədqiqat
Alimlər araşdırma üçün 6500 metr dərinliyə qədər enə bilən “Jason/Medea” adlı uzaqdan idarə olunan sualtı tədqiqat aparatından istifadə ediblər. Aparat Çellencer çökəkliyinin dibinə çata bilməsə də, onun yamacları boyunca uzanan təxminən 550 kilometrlik ərazini araşdırıb.
Mütəxəssislər müəyyən ediblər ki, vulkanik materiallar yamac boyunca aşağı hərəkət edərək yüksək temperaturunu qoruyub və bir-birinə yapışaraq sərt süxurlar əmələ gətirib. Bu isə püskürmələrin baş verdiyi ərazilərin tədqiq olunan sahəyə yaxın olduğunu ehtimal etməyə əsas verir.
Çellencer çökəkliyi niyə bu qədər dərindir?
Araşdırmanın ən maraqlı nəticələrindən biri ərazidəki tektonik proseslərlə bağlıdır. Məlum olub ki, Mariana çökəkliyinin yerləşdiyi bölgədə Yer qabığı şərq-qərb istiqamətində gərilməyə məruz qalır. Lakin bu prosesin səbəbləri ərazinin müxtəlif hissələrində fərqlənir.
Alimlərin fikrincə, şərq hissədə tektonik plitələrin mexaniki qüvvələri süxurların gərilməsinə səbəb olur. Qərb hissədə isə mantiyadan yuxarı qalxan maqmanın təsiri nəticəsində vulkanik fəaliyyət və genişlənmə müşahidə edilir.
Çellencer çökəkliyi Sakit okean plitəsinin daha kiçik Mariana plitəsinin altına doğru hərəkət etdiyi ərazidə yerləşir. Tədqiqatçılar hesab edirlər ki, plitələrin təmas zonasına yaxın maqmanın mövcudluğu onların bir-birinə daha zəif bağlanmasına şərait yaradır. Nəticədə Sakit okean plitəsi digər plitənin altına daha asan sürüşür və kəskin bucaq altında əyilir.
Məhz bu prosesin okean dibində qeyri-adi dərəcədə dərin çökəkliyin yaranmasına səbəb ola biləcəyi ehtimal edilir.
Araşdırılmamış ərazilər hələ də var
Bununla belə, alimlər Mariana çökəkliyinin bütün sirlərinin açılmadığını vurğulayırlar. Tədqiqat zamanı 6500 metrdən təxminən 11 min metrədək dərinlikdə yerləşən əraziləri araşdırmaq mümkün olmayıb.
Robert Stern bildirib ki, bu gün Çellencer çökəkliyinin dibinə qədər enərək tədqiqat aparmaq imkanına malik vasitələrə əsasən Çin alimləri və bəzi imkanlı sahibkarlar sahibdir.
Yeni kəşf dünyanın ən dərin nöqtəsinin yaranma mexanizmini anlamaq baxımından mühüm addım sayılsa da, onun geoloji tarixinin tam öyrənilməsi üçün daha dərin tədqiqatlara ehtiyac var.
Aydın