
Dünyanın alış-veriş üçün ən yaxşı şəhərlərinin reytinqi açıqlanıb. Siyahıda Paris və Milan kimi moda mərkəzləri ilk pillələrdə yer almayıb. Reytinqə Çin şəhəri Şanxay başçılıq edir.
Qaynarinfo xəbər verir ki, bu barədə “Euronews” nəşri “Time Out”un araşdırmasına istinadən məlumat yayıb.
Dünyanın 20 ən yaxşı şopinq şəhərinin müəyyənləşdirildiyi araşdırmada Avropadan cəmi altı şəhər yer alıb. İlk onluğa isə yalnız London və Kopenhagen daxil olub.
Reytinq beynəlxalq “Time Out” redaktorlarının qiymətləndirmələri, yerli ekspertlərin rəyləri və “Best Cities” sorğusunun nəticələri əsasında hazırlanıb. Araşdırmada dünyanın 150 şəhərindən 24 mindən çox sakin iştirak edib. Yekun qiymətləndirmədə yerli sakinlərin fikirləri 70 faiz, ekspert rəyləri isə 30 faiz çəkiyə malik olub.
Şəhərlər mağazaların keyfiyyəti və çeşidi, qiymətlərin əlçatanlığı, alış-veriş mühiti, təhlükəsizlik, qonaqpərvərlik, restoranlar, ictimai nəqliyyat və piyada hərəkətinin rahatlığı kimi meyarlar üzrə qiymətləndirilib.
Şanxayda beynəlxalq brendlərlə yanaşı, yerli geyim və həyat tərzi markalarının geniş seçimi şəhərin üstünlüklərindən biri kimi göstərilib. London isə məşhur univermaqları, dizayner butikləri və vintage mağazaları ilə diqqət çəkib. Tokio fərqli moda istiqamətləri, texnologiya və ənənəvi məhsulları, Nyu-York isə geniş ticarət imkanları ilə seçilib.
"Time Out"un 2026-cı il üzrə şopinq reytinqində ilk 20 şəhər:
1. Şanxay – Çin
2. London – Böyük Britaniya
3. Tokio – Yaponiya
4. Nyu-York – ABŞ
5. Melburn – Avstraliya
6. Seul – Cənubi Koreya
7. Mumbay – Hindistan
8. Ho Şi Min – Vyetnam
9. Banqkok – Tailand
10. Mexiko – Meksika
11. Kopenhagen – Danimarka
12. Lissabon – Portuqaliya
13. Monreal – Kanada
14. Mərakeş – Mərakeş
15. Əbu-Dabi – BƏƏ
16. Keyptaun – Cənubi Afrika
17. Barselona – İspaniya
18. Florensiya – İtaliya
19. Vyana – Avstriya
20. Boqota – Kolumbiya
Beləliklə, Şanxay 2026-cı ildə alış-veriş həvəskarları üçün dünyanın ən yaxşı şəhəri seçilib.
Aydın