
Elmi araşdırmalar bioloji cinsiyyətin immun sisteminin fəaliyyətinə və xəstəliklərin gedişinə əhəmiyyətli təsir göstərdiyini ortaya qoyub. Məlum olub ki, bəzi virus infeksiyaları erkək fərdlərdə daha ağır fəsadlara səbəb ola bilər. Digər tədqiqat isə qadınların ağrı şikayətlərinin kişilərlə müqayisədə daha az ciddi qəbul edildiyini göstərib.
Qaynarinfo xəbər verir ki, Kanadanın Makmaster Universitetinin alimlərinin “Journal of Infectious Diseases” jurnalında dərc olunan araşdırmasında erkək siçanların COVID-19, qrip və Qərbi Nil virusu kimi infeksiyalar zamanı daha ağır nəticələrlə üzləşə bildiyi müəyyən edilib.
Tədqiqat çərçivəsində Zika virusuna yoluxdurulan siçanların vəziyyəti araşdırılıb. Nəticələr erkək siçanların halsızlıq və iflic kimi ciddi nevroloji fəsadlara dişilərlə müqayisədə daha həssas olduğunu göstərib.
Alimlər əvvəlcə bu fərqin erkək siçanların orqanizmində virusun daha çox olması ilə bağlı ola biləcəyini düşünüblər. Lakin tədqiqatın rəhbəri professor Əli Aşkarın sözlərinə görə, təcrübədə hər iki qrupa eyni yaşda, genetik baxımdan demək olar ki, eyni olan siçanlar daxil edilib və onlara eyni miqdarda virus verilib. Buna baxmayaraq, xəstəliyin gedişində ciddi fərqlər müşahidə olunub.
Professor Aşkar hesab edir ki, bioloji cinsiyyət immun sisteminin reaksiyasına birbaşa təsir göstərir. Onun fikrincə, erkəklərdə immun cavabın daha güclü olması bəzən infeksiya ilə mübarizə aparmaqla yanaşı, iltihabın və toxuma zədələnməsinin də artmasına səbəb ola bilər.
Alim xüsusilə kəskin virus infeksiyası keçirən kişilərdə iltihab prosesinin erkən mərhələdə nəzarətə götürülməsinin vacibliyini vurğulayıb. O, bunun üçün artıq təsdiqlənmiş iltihabəleyhinə dərmanların mövcud olduğunu qeyd edərək müalicə yanaşmalarında bioloji fərqlərin nəzərə alınmasını təklif edib.
Qadınların ağrı şikayətləri daha az ciddi qəbul edilir
Araşdırmaların digər istiqaməti isə səhiyyə sistemində cinsiyyətə bağlı yanaşma fərqlərini üzə çıxarıb. ABŞ alimlərinin apardığı tədqiqatda eyni dərəcədə ağrı yaşayan kişi və qadın xəstələrlə bağlı müşahidəçilərin qiymətləndirmələri müqayisə edilib.
Nəticələr göstərib ki, müşahidəçilər qadınların ağrılarını daha aşağı səviyyədə qiymətləndirməyə meyllidirlər. Hətta bəzi hallarda qadınların ağrıkəsici dərmanlardan daha çox psixoterapiya ilə fayda görə biləcəkləri düşünülür.
Maraqlıdır ki, bu yanaşma yalnız kişi müşahidəçilərdə deyil, qadın iştirakçılarda da qeydə alınıb.
Tədqiqatçılar hesab edirlər ki, belə stereotiplər qadınların ehtiyac duyduqları ağrıkəsici müalicəyə çıxışını çətinləşdirə və həkimlərin müalicə seçimlərinə təsir göstərə bilər. Bunun səbəblərindən biri kişilərin qadınlarla müqayisədə daha dözümlü olması və onların ağrı şikayətlərinin daha ciddi qəbul edilməli olduğu barədə cəmiyyətdə formalaşmış yanlış təsəvvürlərdir.
Araşdırmaların nəticələri göstərir ki, xəstəliklərin müalicəsində bioloji cinsiyyət fərqləri nəzərə alınmalı, eyni zamanda xəstələrin ağrı şikayətləri stereotiplərdən asılı olmayaraq obyektiv qiymətləndirilməlidir.
Aydın