Xəbər lenti

Dünyanın ən uzun yaşayış binası dörd tramvay dayanacağı boyunca uzanır
Dünya21:36 28.11.2026

Dünyanın ən uzun yaşayış binası dörd tramvay dayanacağı boyunca uzanır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyanın ən uzun yaşayış binası Avstriyanın paytaxtı Vyanada yerləşir. Karl-Marks-Hof adlanan bu nəhəng yaşayış kompleksi 1,1 kilometr uzunluğundadır. Binanın yanından keçən tramvay onun boyunca hərəkət edərkən dörd dəfə dayanır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Polsat News" məlumat yayıb.

Vyananın Döbling rayonunda yerləşən kompleks 1927-1930-cu illərdə inşa edilib. Layihənin müəllifi məşhur avstriyalı memar Otto Vaqnerin tələbəsi Karl En olub.

Karl-Marks-Hof şəhərdə sosial mənzil tikintisi proqramı çərçivəsində yaradılıb. Birinci Dünya müharibəsindən sonra Vyanada, xüsusilə fəhlə ailələri arasında mənzil çatışmazlığı yaranmışdı. 1923-1934-cü illərdə şəhərdə 61 mindən çox kommunal mənzil tikilib. Bu dövr Vyana tarixində “Qırmızı Vyana” adlandırılır və Karl-Marks-Hof həmin siyasətin əsas simvollarından biri hesab olunur.

Kompleksin əsas xüsusiyyəti onun yalnız yaşayış binası kimi deyil, kiçik şəhər formasında layihələndirilməsidir. Burada camaşırxanalar, uşaq bağçaları, körpələr evi, kitabxana, stomatoloji kabinet, həkim otaqları, sərgi zalları və restoranlar fəaliyyət göstərib.

Üç-altı mərtəbədən ibarət binada əvvəlcə mindən çox mənzil nəzərdə tutulmuşdu. Mənzillərin hər birində ayrıca tualet və su təchizatı sistemi olsa da, ilk layihədə hamam otaqları yer almayıb. Bütün otaqlarda elektrik işıqlandırmasının quraşdırılması isə həmin dövr üçün yenilik sayılırdı.

Kompleksin ərazisinin yalnız 18,5 faizi tikililərin payına düşür. Qalan hissədə dörd daxili həyət, parklar və bağlar salınıb. Mərkəzi parkın sahəsi 10 min kvadratmetrdən çoxdur.

Karl-Marks-Hof 1934-cü ildə Avstriyada baş verən vətəndaş müharibəsi zamanı artilleriya atəşinə tutulsa da, dağıntılara baxmayaraq ayaqda qalıb. Kompleksdə 1989-1992-ci illərdə əsaslı təmir işləri aparılıb.

Hazırda mənzillər Vyana bələdiyyəsinə məxsusdur. Binada 1300-dən çox mənzil var və burada təxminən 5 min nəfər yaşayır.

Qeyd edək ki, nəşr dünyanın digər maraqlı memarlıq rekordlarından biri kimi Almaniyanın Rötlingen şəhərində yerləşən Şproyerhofştrasse küçəsini də xatırladıb. Onun ən dar hissəsinin eni cəmi 31 santimetrdir. Bu göstərici 2006-cı ildə “Ginnesin Rekordlar Kitabı” tərəfindən rəsmən qeydə alınıb.

Aydın