
ABŞ Soyuq müharibə dövründə Qrenlandiyanın buzlaqları altında nüvə raketlərinin yerləşdirilməsi üçün nəhəng hərbi kompleks yaratmağı planlaşdırıb. “Iceworm” (“Buz qurdu”) kod adı verilən layihə çərçivəsində buz qatının altında 600-ə qədər ballistik raketin yerləşdirilməsi nəzərdə tutulub. Maraqlıdır ki, layihənin əsl məqsədi Danimarka hakimiyyətindən də gizlədilib.
Qaynarinfo xəbər verir ki, bu barədə HVG.gu nəşri məlumat yayıb.
Buzların altında salınan hərbi şəhər
İkinci Dünya müharibəsindən sonra ABŞ Qrenlandiyaya strateji əhəmiyyətli ərazi kimi yanaşmağa başlayıb. Pentaqon adanı “dünyanın ən böyük hərəkətsiz aviadaşıyıcısı” adlandırırdı. Vaşinqton hesab edirdi ki, Arktikada hərbi mövcudluq Sovet İttifaqından gələn təhlükələrin qarşısını almaq üçün vacibdir.
1951-ci ildə ABŞ və Danimarka arasında Qrenlandiyanın müdafiəsi ilə bağlı yeni saziş imzalanıb. Sənəd Vaşinqtona NATO-nun müdafiə planları çərçivəsində adada hərbi obyektlər yaratmaq və istismar etmək üçün geniş səlahiyyətlər verib.
Bu imkanlardan istifadə edən ABŞ 1959-cu ildə Camp Century adlı yeraltı hərbi bazanın tikintisinə başlayıb. Şimal qütbündən təxminən 1300 kilometr cənubda yerləşən kompleks ilk baxışdan elmi-tədqiqat stansiyası kimi təqdim edilirdi.
1959-1960-cı illərdə buzların altında 26 tunel qazılıb. Burada yaşayış otaqları, sənaye mətbəxi, xəstəxana, ibadət otağı və bərbərxana yaradılıb. Kompleks eyni vaxtda 200 nəfərin yaşaması üçün nəzərdə tutulmuşdu.
Bazanın elektrik enerjisi ilə təmin edilməsi üçün isə portativ nüvə reaktoru gətirilmişdi. Bundan başqa, gündəlik 38 min litrədək su əldə etməyə imkan verən 36 metr dərinliyində quyu qazılmışdı.

Əsl məqsəd nüvə raketləri yerləşdirmək idi
Camp Century rəsmi olaraq elmi araşdırmalarla əlaqələndirilsə də, onun arxasında daha geniş hərbi plan dayanırdı. ABŞ-ın məxfi “Iceworm” layihəsi Qrenlandiyanın buzlaqları altında geniş raket şəbəkəsi qurulmasını nəzərdə tuturdu.
Məxfilikdən çıxarılan sənədlərə görə, layihə çərçivəsində adada 600-ə qədər orta mənzilli ballistik raketin yerləşdirilməsi planlaşdırılırdı. Bu addım ABŞ-ın Sovet İttifaqına qarşı nüvə çəkindirmə imkanlarını gücləndirməli idi.
Vaşinqton eyni zamanda layihəni NATO-nun müdafiəsinə töhfə kimi təqdim etmək niyyətində olub. Qrenlandiyanın Danimarkaya məxsus olması isə ABŞ üçün diplomatik və hüquqi baxımdan müəyyən imkanlar yaradırdı.
Lakin layihənin həyata keçirilməsi mümkün olmayıb. 1964-cü ildən Camp Century yalnız yay aylarında fəaliyyət göstərib, 1966-cı ildə isə buz qatlarının hərəkəti nəticəsində yaranan təhlükələr səbəbindən tamamilə bağlanıb.
Məxfi planlar necə üzə çıxdı?
“Iceworm” layihəsinin mövcudluğu uzun müddət ictimaiyyətdən gizli saxlanılıb. 1997-ci ildə Danimarka Beynəlxalq Araşdırmalar İnstitutunun apardığı tədqiqatlar ABŞ-ın Qrenlandiyadakı nüvə fəaliyyəti ilə bağlı yeni faktları üzə çıxarıb.
Araşdırma zamanı məlum olub ki, ABŞ-ın adadakı hərbi fəaliyyəti Camp Century ilə məhdudlaşmayıb. Thule aviabazası nüvə silahı daşıyan Amerika təyyarələrinin irəli yerləşmə məntəqəsi və məxfi kəşfiyyat əməliyyatlarının mərkəzi kimi istifadə edilib.
Burada həmçinin ABŞ-ın ballistik raketlərə qarşı erkən xəbərdarlıq sistemi – BMEWS fəaliyyət göstərib. Bu sistem Sovet İttifaqından mümkün raket hücumu zamanı Amerika ərazisinə təxminən 15 dəqiqəlik xəbərdarlıq imkanı yaratmalı idi.

1968-ci il qalmaqalı
ABŞ-ın nüvə fəaliyyəti ilə bağlı ən böyük qalmaqallardan biri 1968-ci ildə baş verib. Nüvə silahı daşıyan B-52 bombardmançısı Thule aviabazası yaxınlığında qəzaya uğrayıb. Hadisə barədə məlumatın Danimarkaya çatması Vaşinqtonla Kopenhagen arasında ciddi siyasi gərginliyə səbəb olub.
Çünki Danimarka Soyuq müharibə dövründə nüvə silahına qarşı mövqe nümayiş etdirir və öz ərazisində belə silahların yerləşdirilməsinə razılıq vermirdi.
İctimai narazılığı azaltmaq üçün ABŞ Qrenlandiya üzərindən nüvə silahı daşıyan təyyarələrin uçuşlarını dayandıracağını bəyan edib. Vaşinqton həmçinin Kopenhagenin birbaşa icazəsi olmadan adada nüvə silahı saxlamayacağına və belə təyyarələrlə uçuşlar həyata keçirməyəcəyinə söz verib.
Materialda qeyd olunur ki, Danimarkanın ABŞ-ın hərbi fəaliyyətinə uzun müddət ciddi etiraz etməməsinin səbəblərindən biri 1951-ci il müdafiə sazişinin qüvvədə qalmasında maraqlı olması idi.
Beləliklə, Qrenlandiya Soyuq müharibənin ən maraqlı məxfi hərbi layihələrindən birinin mərkəzinə çevrilib. Camp Century nüvə raketləri ilə təchiz edilmiş yeraltı şəhərə çevrilməsə də, onun tarixi ABŞ-ın Arktikadakı strateji planlarının miqyasını və Danimarkanın öz ərazisindəki hərbi proseslərə nə dərəcədə nəzarət edə bildiyini göstərən nümunələrdən biri olaraq qalır.
Aydın