Xəbər lenti

Bayramda Avropaya səyahət: 15 şəhərdə Milad yarmarkası (SİYAHI)
Dünya09:40 29.11.2026

Bayramda Avropaya səyahət: 15 şəhərdə Milad yarmarkası (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropada Milad bayramı ərəfəsində küçələr işıqlarla bəzədilir, meydanlarda taxta köşklər qurulur, isti şərab və şokolad qoxusu şəhərlərə xüsusi ab-hava qatır. Qış tətilini fərqli keçirmək istəyənlər üçün noyabrın sonundan etibarən fəaliyyətə başlayan Milad yarmarkaları maraqlı səyahət imkanları yaradır.

Qaynarinfo xəbər verir ki, “Lonely Planet” nəşri 2026-cı il üçün Avropanın diqqət çəkən 15 Milad yarmarkasını açıqlayıb.

Vyana, Avstriya
6 noyabr 2026 – 6 yanvar 2027

Avstriyanın paytaxtında Milad ab-havasını bələdiyyə binasının qarşısındakı yarmarkada, Şpitelberqin dar küçələrində və Şönbrunn sarayının həyətində hiss etmək mümkündür. Burada əl işləri, taxta oyuncaqlar, şamlar, pendirlər və müxtəlif şirniyyatlar satılır. Ziyarətçiləri konsertlər, karusellər və buz meydançaları da gözləyir.

Drezden, Almaniya
27 noyabr – 24 dekabr 2026

1434-cü ildən keçirilən “Ştritselmarkt” Almaniyanın ən qədim və tanınmış Milad yarmarkalarından biridir. Təxminən 240 ticarət köşkü hər il milyonlarla insanı cəlb edir. Burada nəhəng Milad piramidası, əl işi taxta fiqurlar, suvenirlər və məşhur alman ştollenini tapmaq olar.

Tallin, Estoniya
20 noyabr 2026 – 6 yanvar 2027

Tallinin orta əsrlərə aid İçərişəhəri bayram günlərində xüsusi görünüş alır. Bələdiyyə meydanında ucaldılan böyük yolka taxta köşklərlə əhatə olunur. Qarın yağma ehtimalının yüksək olduğu şəhərdə Santa Klausun ziyarətçilərlə görüşü də bayramın ənənəvi hissəsidir.

Helsinki, Finlandiya
27 noyabr – 22 dekabr 2026

Finlandiya paytaxtında əsas yarmarka Senat meydanında təşkil edilir. Burada əl işləri, bəzək əşyaları və isti şərab satılır. Ziyarətçilər bayram alış-verişindən əlavə sauna və buzlu suda çimmək kimi fərqli təcrübələrdən də yararlana bilərlər. Şəhərdə bayram mövsümü işıqların yandırılması və Santa Klausun iştirakı ilə keçirilən tədbirlərlə başlayır.

Kolmar, Fransa
23 noyabr – 29 dekabr 2026

Elzas bölgəsində yerləşən Kolmar Milad dövründə nağıl şəhərini xatırladır. Köhnə şəhərdə altı ayrı yarmarka fəaliyyət göstərir. Kanalları ilə tanınan “Kiçik Venesiya”da uşaqlar üçün əyləncələr təşkil olunur. Burada yerli şirniyyatlar, zəncəfilli çörəklər və əl işi məhsullar da təqdim edilir.

Brüssel, Belçika
27 noyabr 2026 – 3 yanvar 2027

“Winter Wonders” festivalı çərçivəsində Belçikanın paytaxtında geniş bayram proqramı keçirilir. Qran-Palas meydanında yolka və işıq şouları, şəhərin müxtəlif hissələrində isə buz meydançaları, karusellər və təxminən 200 satış köşkü qurulur. Ziyarətçilər Belçika şokoladı və vaflilərindən də dada bilərlər.

Tromse, Norveç
6 noyabr – 20 dekabr 2026

Şimal qütb dairəsindən təxminən 400 kilometr aralıda yerləşən Tromse qarlı küçələri və işıqlı meydanları ilə seçilir. Burada əl işi suvenirlər, yun papaqlar və isti içkilər satılır. Şəhəri yüksəklikdən seyr etmək üçün kanat yolundan, liman ərazisində isə əyləncə attraksionlarından istifadə etmək mümkündür.

Zalsburq, Avstriya
19 noyabr 2026 – 3 yanvar 2027

Zalsburqun Hellbrunn sarayında təşkil edilən yarmarka bayram ab-havası ilə seçilir. Burada 400 işıqlı yolka, Milad yürüşləri, nəfəsli alət ifaçılarının çıxışları və ənənəvi səhnəciklər nümayiş olunur.

Erfurt, Almaniya
24 noyabr – 22 dekabr 2026

Şəhərin əsas yarmarkası möhtəşəm qotik kilsələrin yerləşdiyi Domplatz meydanında qurulur. Təxminən 20 metr hündürlüyündə yolka, nəhəng Milad piramidası, karusellər və 200-ə yaxın satış köşkü ziyarətçiləri qarşılayır. Burada keramika, taxta oyma nümunələri və ənənəvi əl işləri satılır.

Budapeşt, Macarıstan
13 noyabr 2026 – 1 yanvar 2027

Macarıstan paytaxtında Veröşmarti meydanı bayram işıqları və yolkalarla bəzədilir. Yarmarkada əl işi keramika, taxta məhsullar, tikmələr və zəncəfilli şirniyyatlar təqdim olunur. Müqəddəs İştvan bazilikasının qarşısında isə hər bazar günü saat 16:00-da böyük Advent çələngində şamlar yandırılır.

Nürnberq, Almaniya
27 noyabr – 24 dekabr 2026

Nürnberq yarmarkası hər il təxminən 2 milyon ziyarətçi qəbul edir. Şəhərin Hauptmarkt meydanında qurulan köşklərdə ənənəvi şirniyyatlar, Milad bəzəkləri və suvenirlər satılır. Bayramın açılışında qızılı geyimli “Kristkind” obrazı xüsusi mərasimlə çıxış edir.

Vinçester, İngiltərə
20 noyabr – 22 dekabr 2026

Vinçesterin tarixi kilsəsinin ərazisində keçirilən yarmarka alman ənənələrindən ilhamlanıb. Burada əl işi musiqi qutuları, pendirlər, şokolad və şüşə məmulatları satılır. Tarixi küçələr və orta əsr memarlığı da şəhərin bayram mənzərəsini tamamlayır.

Ravenn dərəsi, Almaniya
26 noyabr – 20 dekabr 2026

Qara Meşə bölgəsində yerləşən Ravenn dərəsində Milad yarmarkası 40 metr hündürlüyündə işıqlandırılmış viadukun altında təşkil olunur. Meşə ilə əhatə olunan bu məkan nağıl mənzərəsini xatırladır. Burada turistlər yerli yun məmulatları, hisə verilmiş ət və əl işləri əldə edə bilərlər.

Barselona, İspaniya
21 noyabr 2026 – 6 yanvar 2027

Barselonada Müqəddəs Lüsiya yarmarkası Qotik kilsənin qarşısındakı meydanda keçirilir. Burada ənənəvi Milad fiqurları, şirniyyatlar və bəzək əşyaları satılır. Kataloniyaya məxsus “Kaqa-Tio” adlı, hədiyyələrlə əlaqələndirilən qeyri-adi taxta fiqur da yarmarkanın maraqlı ənənələrindəndir.

Nitsa, Fransa
27 noyabr 2026 – 3 yanvar 2027

Qarlı qış mənzərəsi əvəzinə daha mülayim hava şəraitində Milad tətili keçirmək istəyənlər üçün Nitsa fərqli seçimdir. Şəhərin İngilis sahili işıqlandırılır, Albert I bağında isə bayram yarmarkası qurulur. Burada əl işləri, suvenirlər, isti şərab, şampan və dəniz məhsulları təqdim edilir. Konsertlər, işıq festivalları və əyləncə attraksionları da proqramın tərkib hissəsidir.

Nəşrin siyahısında yer alan bu şəhərlər Avropada Milad ənənələrinin müxtəlifliyini nümayiş etdirir. Bəziləri tarixi yarmarkaları, digərləri qarlı mənzərələri, bəziləri isə mülayim qış havası və fərqli yerli adətləri ilə seçilir.

Aydın