Xəbər lenti

22 illik karyera bitdi: "Qalatasaray"ın əfsanəsi futboldan getdi
İdman10:48 29.11.2026

22 illik karyera bitdi: "Qalatasaray"ın əfsanəsi futboldan getdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Uruqvaylı qapıçı Fernando Muslera peşəkar futbolçu karyerasını başa vurub.

Qaynarinfo xəbər verir ki, 40 yaşlı qolkiper bu qərarını 2026-cı il Libertadores Kubokunun finalından sonra açıqlayıb.

Musleranın çıxış etdiyi “Estudiantes” final qarşılaşmasında Braziliyanın “Palmeyras” klubuna 0:1 hesabı ilə məğlub olub. Montevideodakı “Sentenario” stadionunda keçirilən matçın taleyini 52-ci dəqiqədə Ramon Sosa tərəfindən vurulan qol həll edib.

Finaldan sonra ESPN-ə danışan qapıçı məğlubiyyətə görə məyus olduğunu bildirsə də, karyerasını belə bir qarşılaşma ilə başa vurmaqdan qürur duyduğunu deyib:

“Son günə qədər mübarizə apardığımı bilərək xoşbəxt ayrılıram. Nəticədən asılı olmayaraq, karyeramı bitirmək üçün möhtəşəm bir sonluqdur. Futbolun bir parçası da budur”.

Muslera karyerasını bitirmək qərarını daha əvvəl “Estudiantes” rəhbərliyinə də çatdırdığını açıqlayıb. O, şənbə günü komanda yoldaşları ilə vidalaşaraq peşəkar futbolçu kimi fəaliyyətinə son qoyub.

22 illik karyera: 5 klub, 137 milli oyun və 20-dən çox titul

Fernando Muslera 22 ildən artıq davam edən peşəkar futbolçu karyerasını başa vurub. 40 yaşlı qolkiper karyerası ərzində Uruqvay, İtaliya, Türkiyə və Argentina klublarında çıxış edib, həmçinin milli komandanın heyətində beş dünya çempionatında iştirak edib.

Muslera peşəkar karyerasına 2004-cü ildə Uruqvayın “Montevideo Wanderers” klubunda başlayıb. Daha sonra ölkəsinin “Nacional” komandasında çıxış edən qapıçı 2007-ci ildə İtaliyanın “Latsio” klubuna transfer olunub. O, burada dörd il ərzində 100-dən çox qarşılaşmada iştirak edib, İtaliya Kuboku və Superkubokunu qazanıb.

Musleranın karyerasının ən uzun və uğurlu mərhələsi Türkiyənin “Qalatasaray” klubunda keçib. 2011-ci ildə İstanbul təmsilçisinə qoşulan qapıçı 2025-ci ilədək komandanın formasını geyinib. Bu müddətdə 551 rəsmi oyunda meydana çıxan uruqvaylı futbolçu 8 dəfə Türkiyə çempionu olub, 5 Türkiyə Kuboku və 6 Superkubok qazanıb. Beləliklə, o, İstanbul klubunun heyətində ümumilikdə 19 titul əldə edib. Bununla da "Qalatasaray"ın əfsanələrindən birinə çevrilib.

2025-ci ildə “Qalatasaray”dan ayrılan Muslera karyerasını Argentinada davam etdirərək “Estudiantes”ə keçib. Bu komandanın heyətində də uğur qazanan qapıçı Argentina çempionluğu və Çempionlar Trofeyinin qalibi olub.

Fernando Muslera Uruqvay millisində debütünü 2009-cu ildə edib. O, yığmanın heyətində 137 qarşılaşmada iştirak edib.

Qapıçının milli komandadakı ən böyük uğuru 2011-ci ildə Amerika Kubokunu qazanması olub. Bundan başqa, Muslera 2010, 2014, 2018, 2022 və 2026-cı illərdə keçirilən dünya çempionatlarında Uruqvayın heyətində yer alıb.

2010-cu ildə Cənubi Afrikada keçirilən dünya çempionatında Uruqvay yarımfinala yüksələrək dördüncü yeri tutub. 2018-ci ildə isə komanda turnirin 1/4 final mərhələsinə qədər irəliləyib.

Aydın