
Gün ərzində bir neçə dəfə qısa müddətli piyada gəzmək qanda şəkərin səviyyəsini tənzimləmək baxımından uzunmüddətli bir gəzintidən daha effektiv ola bilər. Yeni araşdırma hərəkətsiz qalma müddətini qısa gəzintilərlə bölməyin sağlamlığa əlavə fayda verdiyini üzə çıxarıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Health.com" məlumat yayıb.
"Obesity" jurnalında dərc olunan tədqiqatda artıq çəkisi və ya piylənməsi olan, gün ərzində altı saatdan çox oturaq həyat tərzi keçirən 30 nəfər iştirak edib.
Altı həftə davam edən araşdırma çərçivəsində iştirakçılar həftədə beş gün, hər gün ümumilikdə 45 dəqiqə piyada gəziblər. Onlardan 15-i bu müddəti bir dəfəyə tamamlayıb. Digər 15 nəfər isə təxminən hər saatdan bir beş dəqiqəlik gəzintiyə çıxıb.
İştirakçıların qanındakı qlükoza səviyyəsi fasiləsiz izlənilib. Nəticələr göstərib ki, qısa gəzintilərə üstünlük verən qrupda qan şəkərinin tənzimlənməsi daha yaxşı olub.
Tədqiqatçılar hesab edirlər ki, uzun müddət oturmağa mütəmadi fasilələr vermək və bu zaman qısa müddət gəzmək qlükoza səviyyəsinin nəzarətdə saxlanmasına kömək edə bilər.
Bunun səbəbi nədir?
Alimlər qısa gəzintilərin niyə daha təsirli olduğunu hələ tam müəyyənləşdirməyiblər. Ehtimallardan biri gün ərzində əzələlərin dəfələrlə aktivləşməsidir.
Fiziki hərəkət zamanı əzələlər enerji əldə etmək üçün qandan qlükoza qəbul edir. Gəzintilərin gün ərzində bölüşdürülməsi bu prosesi bir neçə dəfə stimullaşdıra və karbohidratların sərfiyyatını artıra bilər.
Araşdırmanın nəticələri göstərir ki, sağlamlıq üçün yalnız uzunmüddətli məşqlərə vaxt ayırmaq vacib deyil. Gün ərzində oturaq vəziyyətdən qalxaraq qısa gəzintilər etmək də faydalı vərdiş ola bilər.
Aydın