
Hollivud ulduzu Metyu Makkonahinin 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində müstəqil namizəd kimi iştirak edə biləcəyi ehtimal olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə “The Hill” nəşri Demokratlar və Respublikaçılar Partiyasından kənarda prezidentliyə namizəd ola biləcək şəxsləri müzakirə edərkən yazıb.
Nəşrin məlumatına görə, aktyorun siyasi fəaliyyətə başlaması ilə bağlı ehtimallar onun son açıqlamalarından sonra gündəmə gəlib. Makkonahi ABŞ-da aralıq seçkilər ərəfəsində yayımladığı videomüraciətdə müstəqil namizədlərin ölkənin siyasi sistemində daha fəal iştirak etməsinin vacibliyini vurğulayıb.
Aktyor bildirib ki, müstəqil namizədlər seçkiyə sadəcə etiraz etmək və ya siyasi prosesləri pozmaq üçün deyil, real qələbə şansı olan namizədlər kimi qatılmalıdırlar. Onun fikrincə, bu cür namizədlər qanunvericiləri cəmiyyətdəki əksəriyyətin dəyərlərini əks etdirən siyasi mərkəzə qaytara bilər.
“The Hill” Makkonahinin bu fikirlərini onun gələcəkdə siyasətə qoşulmaq niyyətinə mümkün işarə kimi qiymətləndirib. Bununla belə, aktyor 2028-ci il prezident seçkilərində namizədliyini irəli sürəcəyini rəsmən elan etməyib.
Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkilərinin 2028-ci il noyabrın 7-də keçirilməsi planlaşdırılır. Seçiləcək prezident 2029-cu il yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq.
Aydın