Xəbər lenti

NATO Baltikyanı ölkələrdə dronları vurmaq üçün qırıcıları sınaqdan keçirdi
Dünya12:55 29.11.2026

NATO Baltikyanı ölkələrdə dronları vurmaq üçün qırıcıları sınaqdan keçirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

NATO ölkələri Baltikyanı regionun hava məkanını pilotsuz uçuş aparatlarından qorumaq məqsədilə hərbi təlimlər keçirib. Manevrlər zamanı F-16, V/A-18 Hornet və Eurofighter qırıcılarından, həmçinin Litvanın NASAMS hava hücumundan müdafiə sistemlərindən istifadə olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb.

NATO-nun Müttəfiq Hava Komandanlığının təşkil etdiyi təlimlərdə Belçika, İtaliya, Finlandiya və Türkiyə iştirak edib. Niderland və Litva isə manevrlərə dəstək göstərib.

Təlimlərin əsas məqsədi Baltikyanı regionda mümkün dron hücumlarına qarşı hazırlığı artırmaq və müttəfiq ölkələrin birgə fəaliyyət imkanlarını yoxlamaq olub.

Manevrlər çərçivəsində Türkiyə və Belçikaya məxsus F-16 Fighting Falcon qırıcıları Finlandiyanın V/A-18 Hornet və İtaliyanın Eurofighter təyyarələri ilə birgə uçuşlar həyata keçirib. Hərbçilər şərti hava döyüşlərini əhatə edən “qırmızı komanda - mavi komanda” ssenarisi üzrə məşq ediblər.

Bununla yanaşı, NATO qüvvələri hava məkanını pozan pilotsuz uçuş aparatlarının aşkarlanması və məhv edilməsi üzrə tapşırıqları da yerinə yetiriblər.

Bu zenit-raket kompleksləri Norveçin “Kongsberg” və ABŞ-ın “RTX Corporation” şirkətləri tərəfindən istehsal olunur. NASAMS sistemləri müxtəlif sensorlar və raket buraxılış qurğularını birləşdirərək təyyarələrə, qanadlı raketlərə və pilotsuz uçuş aparatlarına qarşı mübarizə aparmaq üçün nəzərdə tutulub.

Nəşrin məlumatına görə, bu manevrlər NATO-nun hava və raket hücumundan müdafiə strategiyasının yenilənməsi çərçivəsində həyata keçirilib. Yeni yanaşma alyans üzvlərinin müdafiə imkanlarının daha sıx inteqrasiyasını və mümkün təhlükələrə koordinasiyalı cavab verilməsini nəzərdə tutur.

Təlimlər Avropada təhlükəsizliklə bağlı narahatlıqların artdığı bir vaxtda keçirilib. Region ölkələri təkcə pilotsuz uçuş aparatlarının hava məkanına daxil olması ilə deyil, həm də kiberhücumlar və digər təhlükəsizlik təhdidləri ilə üzləşirlər.

Xatırladaq ki, “Bloomberg” agentliyinin məlumatına görə, Polşa NATO müttəfiqlərindən Ukrayna ərazisi üzərində alyans ölkələrinə doğru hərəkət edən Rusiya raketlərinin vurulmasını istəyib. Bu məsələ noyabrın 23-də Brüsseldə NATO ölkələrinin səfirləri arasında müzakirəyə çıxarılıb. Lakin Polşa Müdafiə Nazirliyinin açıqlamasına əsasən, alyans bu təklifi qəbul etməyib.

Aydın