
56 il... Demək nə qədər də asandır... Yan-yana düzülmüş iki rəqəm. Sanki çox uzun bir müddətmiş kimi görünür, buna görə də “yarım əsr” adlandırılır. Amma əslində heç də belə deyil.
İnsan ömrü baxımından 56 il elə də uzun müddət sayılmır. Xüsusilə də bu yaşda dünyasını dəyişən insanın yarımçıq qalmış arzuları varsa...

Övlad itkisi də yaşadığı ömrü üç il əvvəl başa çatdırdı
İrlandiyalı müğənni Sinéad O'Connorın, İslam dinini qəbul etdikdən sonra götürdüyü adı ilə Şuhada Sadaqatın həyatı da məhz belə olub.
1990-cı illərdə pop musiqisinin digər məşhur ifaçılarından birinin “Nothing Compares 2 U” adlı mahnısını özünəməxsus ifası ilə yaddaşlara həkk edən Sinéad O'Connor sonralar bir çox mahnıya da imza atıb.
Onun gənclik illəri onsuz da ağrılarla dolu olub. Yetkinlik dövründə isə daha böyük kədərlər yaşayıb. Hər şeydən əvvəl, övlad itkisi acısını da dadıb.
Cəmi 17 yaşında dünyasını dəyişən kiçik oğlunu torpağa tapşırdıqdan qısa müddət sonra özü də həyatdan köçüb. Bu zaman təqvimlər 2023-cü ilin iyul ayını göstərirdi.
O'Connor Londondakı evində təkbaşına son nəfəsini verəndə 56 yaşında idi.

Geridə qalan övladları onun irsinə sahib çıxır
Sinéad O'Connor artıq həyatda olmasa da, övladları onun geridə qoyduğu bənzərsiz musiqi irsini qoruyub saxlamağa çalışırlar.
İslam dinini qəbul etdikdən sonra Şuhada Sadaqat adını götürən müğənninin erkən yaşda vəfat edən oğlu Şeyn Lunidən başqa daha üç övladı var.

Ceyk Reynolds, Yeşua Bonadio adlı iki oğlu və Roisin Uoters adlı bir qızı. Onların hamısı artıq yetkin yaşdadır.
İndi üç bacı-qardaş analarının irsini yaşatmaq üçün hərəkətə keçiblər.

Analarının xatirəsini yaşatmaqda qərarlıdırlar
O'Connor 2023-cü ilin iyulunda vəfat etməzdən əvvəl yeni albom üzərində işləyirdi.
Müğənni ilə birlikdə çalışan musiqi prodüseri Devid Holms bu ilin iyul ayında sosial şəbəkədə paylaşım edərək “qüsursuz klassik” adlandırdığı həmin albomun işıq üzü görəcəyinə əmin olmadığını bildirmişdi.
Lakin Sinéad O'Connorın dörd övladı bu ayın əvvəlində sənətçiyə məxsus materialların yayımlanması ilə bağlı planlarının olduğunu göstərən açıqlamalar verib.

Sinéad O'Connorın qızı Roisin Uoters İnstaqram hesabında “Chrysalis Records” şirkəti ilə həyata keçiriləcək birgə layihələrə dair bəzi ipucları paylaşıb.
O, həmçinin anasının rəsmi sosial media hesabları vasitəsilə onun xatirəsini yaşadacaqlarını bildirib. Roisin Uoters həmin səhifələri bir növ ictimai arxivə çevirmək niyyətində olduqlarını da qeyd edib.

“O, sizin Sinéadiniz idi, bizim isə anamız”
Roisinin sözlərinə görə, dörd bacı-qardaş analarının irsini ailələrinə məxsus “Deep Dana” şirkəti vasitəsilə idarə edirlər.
Onun bildirdiyinə görə, bacı-qardaşlar zaman-zaman sosial şəbəkələrdə anaları ilə bağlı xatirələrini də paylaşacaqlar.
Roisin Uoters bu barədə belə deyib:
“O, sizin Sinéadiniz idi, bizim isə anamız. Biz onun hər iki kimliyinə də yer ayırmaq istəyirik”.

Bununla yanaşı, prodüser Holmsun bu məsələdə böyük ümidləri olmasa da, müğənninin vəfatından əvvəl üzərində çalışdığı “No Veteran Dies Alone” adlı albomun yayımlanması istiqamətində də addımlar atıla bilər.
Prodüser Devid Holms həmin albomu “O'Connorın həm övladlarına, həm də bütün dünyaya yazdığı sevgi məktubu” kimi xarakterizə etmişdi.
İrlandiyada İslam qaydalarına uyğun dəfn edilmişdi
Əsl adı Sinéad Marie Bernadette O'Connor olan məşhur müğənni İslam dinini qəbul etdikdən sonra Şuhada Sadaqat adını götürmüşdü.

26 iyul 2023-cü ildə dünyasını dəyişən sənətçi İrlandiyada İslam qaydalarına uyğun mərasimlə dəfn olunub. Dəfn mərasimində o zamankı İrlandiya Prezidenti Maykl D. Hiqqins və Baş nazir Leo Varadkar da iştirak ediblər.
Mənbə: hurriyet.com.tr