
C vitamini ilə zəngin qidaları gündəlik rasiona daxil etməklə orqanizmin bu vitaminə olan ehtiyacını qarşılamaq mümkündür. Diyetoloqların fikrincə, bolqar bibəri, kivi, brokoli və çiyələk kimi məhsullar C vitamininin yaxşı təbii mənbələridir.
Qaynarinfo xəbər verir ki, bu barədə “Health” nəşri diyetoloq Kristina Manianın tövsiyələrinə istinadən yazıb.
Mütəxəssisin diqqətə çatdırdığı 8 məhsul aşağıdakılardır:
1. Qırmızı bolqar bibəri
Bir stəkan doğranmış qırmızı bolqar bibərində 118 mq C vitamini var. Bu, gündəlik ehtiyacın təxminən 131 faizini təşkil edir. Məhsul həmçinin B6 vitamini, kalium və maqneziumla zəngindir.
2. Kivi
Bir stəkan kivinin tərkibində 105 mq C vitamini mövcuddur. Bu meyvəni qabığı ilə yemək lif qəbulunu da artırmağa kömək edə bilər.
3. Brokoli
Bir stəkan doğranmış brokolidə 102 mq C vitamini var. Tərəvəz immun sisteminin fəaliyyətində rol oynayan sink, selen, K, E və A vitaminləri, eləcə də kalium və fosforla zəngindir.
4. Kale kələmi (keyl)
100 qram çiy keyl kələmində 93 mq C vitamini mövcuddur. Bu tərəvəz həmçinin qan laxtalanması və sümük sağlamlığı üçün vacib olan K vitamini ilə zəngindir.
5. Çiyələk
Bir stəkan çiyələkdə təxminən 89 mq C vitamini var. Giləmeyvə antioksidant xüsusiyyətləri ilə seçilən antosianinləri də ehtiva edir.
6. Qreypfrut
Bir stəkan qreypfrutun tərkibində 85 mq C vitamini mövcuddur. Bundan başqa, meyvə lif, A vitamini və kaliumla zəngindir. Araşdırmalara görə, onun tərkibindəki qida maddələri bağırsaq, göz və ürək sağlamlığını dəstəkləyə bilər.
7. Portağal
Bir stəkan portağalda 83 mq C vitamini var. Meyvə həmçinin B qrupu vitaminləri, E vitamini, kalsium, kalium və lif mənbəyidir.
8. Brüssel kələmi
Bir stəkan çiy Brüssel kələmində 75 mq C vitamini, yəni gündəlik ehtiyacın təxminən 83 faizi mövcuddur. Bu tərəvəz folat, manqan, kalium, fosfor, maqnezium və liflə də zəngindir.
Diyetoloq Dani Dominqes qeyd edib ki, əksər insanlar C vitaminini qida vasitəsilə qəbul edə bilsələr də, bəzi hallarda əlavələrə ehtiyac yarana bilər. İştahı zəif olan, qida seçimi məhdudlaşan, həzm sistemində qida maddələrinin mənimsənilməsinə təsir edən xəstəlikləri olan şəxslər, hamilə qadınlar və siqaret çəkənlər bu baxımdan risk qrupuna daxil ola bilərlər.
Mütəxəssislər C vitamini əlavələrinin qəbuluna başlamazdan əvvəl həkimlə məsləhətləşməyi tövsiyə edirlər. Yüksək dozada C vitamini mədə-bağırsaq sistemində narahatlıq, qarın ağrısı və ishal kimi əks təsirlərə səbəb ola bilər.
Qeyd edək ki, C vitamininin əsas mənbəyi balanslaşdırılmış qidalanma olmalıdır. Aptek əlavələri isə hər kəs üçün zəruri deyil və ehtiyac olduqda mütəxəssis məsləhəti ilə qəbul edilməlidir.
Aydın